Mingəçevirdə vaterpol idman növü üzrə beynəlxalq turnir start götürüb
6 may 2014 12:48

Bu gün Mingəçevir şəhərində Kür Olimpiya İdman-Tədris Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibəti ilə vaterpol idman növü üzrə beynəlxalq turnir start götürüb. Azerisport.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilib.
Məlumata görə, Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda Azərbaycan yığması ilə yanaşı Gürcüstan, Belarus, Macarıstan və Özbəkistan yığmaları da iştirak edir.
Artıq üç gündür, ölkəmizdə olan komandalar yarışdan öncə məşqlərini Kür Olimpiya İdman-Tədris Mərkəzində keçiblər.
Təqvimə əsasən, bu gün mayın 5-də rəsmi açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açdı. O, qonaqları salamlayaraq, hər bir komandaya uğurlar arzuladı.
Açılış mərasimində iştirak edən Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti, Millət vəkili Xanlar Fətiyev dövlət başçısı İlham Əliyevin idmana diqqət və qayğısını ön plana çəkərək, son illər ölkəmizin böyük idman tədbirlərinə ev layiqli ev sahibi etdiyini vurğuladı. Cənab Fətiyev qeyd etdi ki, 2015-ci ildə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyil:
“Azərbaycanda su idman növlərinin inkişafı davamlı xətt üzrə davam edir. Üzgüçülük Federasiyası öz növbəsində imkanlarından istifadə edərək, ölkəmizi yarışlarda layıqıncə təmsil etmək üçün bütün qüvvələrini səfərbər edib. Bu gün vaterpol idman növü üzrə keçirilən bu beynəlxalq turnir də həmin məqsədə xidmət edir. Ötən il keçirilmiş bu turnirdə 2-si Azərbaycan komandası olmaqla, cəmi 4 komanda iştirak edirdi. Bu il isə ümumilikdə 6 komanda gücünü sınayır. Biz su idman növlərinə olan marağı artırmaq, gənclərin diqqətini bu idman növlərinə yönəltmək üçün yorulmadan çalışacağıq”, deyə Üzgüçülük Federasiyasının Prezidenti əlavə edib.
Açılış günündə təqvimə əsasən, 4 qarşılaşma nəzərdə tutulub. Mayın 5-də Azərbaycan - Macarıstan, Belarus - Azərbaycan, Özbəkistan - Belarus, Gürcüstan - Macarıstan komandaları qarşılaşacaq.
Yarışların ikinci günü Gürcüstan-Azərbaycan, Özbəkistan-Azərbaycan O yığmaları qüvvələrini sınayacaqlar. İki qrupda mübarizə aparacaq komandaların final görüşləri və qaliblərin mükafatlandırılması isə mayın 7-də olacaq.
Qaliblər medallar və qiymətli hədiyyələrlə mükafatdırılacaqlar.