Mirnazim Cavadov: Əsla ruhdan düşmürdüm

"Avropa çempionatı mənim üçün çox çətin keçdi. Bu il belimdəki problemlərlə əlaqədar çox vaxt və məşqlər itirdim. Bunlar olmasaydı, bəlkə də nəticə daha yaxşı olardı". Azerisport.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlamasında Fransanın Mant-an-İvelin şəhərindəki Avropa çempionatında kayak növündə ilk medalı əldə edərək, tarixi uğura imza atmış Mirnazim Cavadov deyib.
Azərbaycan yığmasının 22 yaşlı üzvü məşqlərə 2008-ci ildən başlasa da, indiyədək nüfuzlu yarışlarda mükafatçılar sırasına düşə bilməyib. 8 illik əziyyətdən sonra o, Avropa çempionatında 23 yaşadək kayakçıların 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşündə bürünc medala sahib olub. Cavadov hər dəfə mükafatçılar sırasından kənarda qaldıqda ruhdan düşmədiyini söyləyib: "Əsla ruhdan düşmürdüm. Əziyyətlərimin bəhrəsini gördükdən sonra daha yaxşı nəticələr göstərməyə çalışacağam".
Sonda kayakçımız onu bu idman növünə gətirən ilk məşqçisi İlham Qafarova minnətdarlıq edib.
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)