Akademik avarçəkənlərimiz dünya çempionatında mübarizəyə başlayır

Bu gün - avqustun 24-də Hollandiyanın paytaxtı Amsterdamda akademik avarçəkmə üzrə dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, 60 ölkədən 1100-dək idmançının mübarizə aparacağı mötəbər reqataya Azərbaycan milli komandası da qatılacaq.
Ölkəmizi 4 avarçəkən təmsil edəcək. Ilk olaraq, start xəttinə Cavid Əfəndiyev çıxacaq. O, 1 nəfərlik yüngül çəkili qayıqla (LM1x) 2000 metr məsafəyə yürüşə qatılacaq. Bakı vaxtı ilə saat 16:28-də başlanacaq yürüşdə 24 yaşlı avarçəkənimizin rəqibləri Venesuela, İsveçrə, Argentina və Bolqarıstandan olacaq. İlk 4 yeri tutanlar 1/4 finala yüksələcəklər. Finişə sonuncu çatana təsəlli yürüşündə iştirak şansı veriləcək. Ümumilikdə, 1 nəfərlik yüngül çəkili qayıqla 4 seçmə yürüşdə 28 avarçəkən yarışacaq.
Saat 17:17-də növbəti təmsilçilərimiz mübarizəyə qoşulacaq. 2 nəfərlik sükansız qayıqla (M2-) 2000 metr məsafəyə yürüşdə İqor Luçiç - Luka Corceviç dueti qüvvəsini sınayacaq. Onların seçmə yürüşdə rəqibləri Hollandiya, Misir, Almaniya və Meksika təmsilçiləri olacaq. İlk 2 yerin sahibləri yarımfinala yüksələcək. Sonrakı pillələri tutanlara təsəlli yürüşündən mərhələ adlamaq imkanı veriləcək. 2 nəfərlik sükansız qayıqla mübarizəyə 15 duet qatılacaq.
Nəhayət, əsas medal ümidimiz Aleksandr Aleksandrov saat 20:33-də seçmə yürüşə başlayacaq. 1 nəfərlik qayıqda (M1x) yer alan 24 yaşlı avarçəkən yeniyetmələr və gənclər arasında əldə etdiyi dünya çempionluqlarına böyüklərin mübarizəsində də yiyələnmək niyyətindədir. Bu mübarizədə Aleksandrovun ilk rəqibləri Sloveniya, ABŞ, Belçika və Hollandiya təmsilçiləri olacaq. İlk 3 yeri tutanlar 1/4 finala, sonuncu isə təsəlli yürüşünə qatılacaq. Ümumilikdə, 1 nəfərlik qayıqla mübarizəyə 6 yürüş üzrə 36 idmançı qoşulacaq.
Dünya çempionatına avqustun 31-də yekun vurulacaq.
Qeyd edək ki, dünya çempionatında Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Boris Yotovun da iştirakı nəzərdə tutulmuşdu. O, Aleksandr Aleksandrovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla (M2x) 2000 metr məsafəni qət etməli idi. Amma olimpiadanın keçirildiyi Çinin Nankin şəhərində avqustun 20-də əldə etdiyi uğurdan sonra Amsterdama ötən gün gələn Yotovun mundialda çıxışını millimizin baş məşqçisi Yuliana Stoyeva vaxt azlığı səbəbindən məqsədəuyğun saymayıb.
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)