Azərbaycan millisinin baş məşqçisi istefa verdi
12 avqust 2011 12:03

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yanko Rusev tutduğu vəzifədən azad olunub. Azerisport.az xəbər verir ki, bu haqda Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.
Onun sözlərinə görə, bolqarıstanlı mütəxəssis öz xahişi ilə postunu tərk edib. Rusev istefa ərizəsində səhhətində yaranan problemləri göstərib. Artıq 53 yaşlı baş məşqçinin istefası qəbul olunub və 2012-ci il London Yay Olimpiya Oyunlarınadək bağlanılan müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Əsgərov bildirib ki, Rusev üçün Azərbaycan kimi isti ölkədə işləmək səhhətində problemlər yaradırdı. Həm də onun daha çox öz həmyerlilərinə üstünlük verməsi azərbaycanlı ağırlıqqaldıranların narazılığı ilə qarşılanırdı.
Hələlik millimizə yeni baş məşqçi təyin olunmayıb. Bu məsələyə bir neçə günə məsələyə baxılacaq. Mümkün namizədlər arasında bolqarıstanlı mütəxəssislər - Zlatan Vanev Vasilyev, Lıçezar Kişkilov, eləcə də həmyerlilərimiz Nizami Paşayev, Məhsum Həsənov, Xanlar Nəbiyev və digərlərinin adı hallanır. (lent.az)