Bolqarlardan millimizə qarşı növbəti ittiham
14 fevral 2012 13:01

Bolqarıstan Ağır Atletika Federasiyası (BAAF) Azərbaycandan olan həmkarlarına qarşı növbəti iddia ilə çıxış edib. Azerisport.az xəbər verir ki, BAAF hazırda Azərbaycan millisində çıxış edən əslən bolqarıstanlı ağırlıqqaldıranlar Boyanka Kostova ilə Valentin Xristovun 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirakı üçün əlavə kompensasiya istəyir.
Hələlik ölkəmizin yalnız kişilərdən ibarət yığması London olimpiadasında iştirak hüququ qazanıb. Lakin Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından (İWF) millimizə verilən 5 lisenziyanın Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) tərəfindən hansı idmançılar arasında bölüşdürüləcəyi məlum deyil. Xristov ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatında 56 kq çəki dərəcəsində bürünc medal qazanmaqla, bu vəsiqələrdən birini böyük ölçüdə təmin edib. Bolqarıstan tərəfi isə Xristovla Kostovanın keçidinə yalnız dünya çempionatında iştirak məqsədilə razılıq verdiklərini bildirib. Qurumun prezidenti Nedelço Kolev deyib: “Bizim AAAF-la bağladığımız müqavilədə Xristovla Kostovanın yalnız dünya çempionatında çıxışına icazə verilməsi göstərilib. London olimpiadasında iştirak üçün isə BAAF-a əlavə pul ödənilməlidi”.