İslam qızıl, Murad gümüş, Ruhin bürünc medal qazandı
Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, yunan-Roma güləşçilərinin ilk yarış günündə Nofəl Babayev (50 kq) və Orxan Nuriyev (96 kq) qızıl medal qazanıb.
Çempionatın son günündə yunan-Roma güləşi üzrə 55, 66, 84 və 120 kq çəkidə pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
55 kq-da mübarizə aparan Murad Məmmədov ardıcıl olaraq Almaniya, Macarıstan və Ukraynadan olan rəqiblərini məğlub edib. Yarımfinalda Ermənistan idmançısına da heç bir şans verməyən güləşçimiz finala yüksəlib. Finalda Gürcüstan idmançısı ilə görüşü uduzan Murad Məmmədov Avropa çempionatının gümüş medalına yiyələnib.
66 kq çəki dərəcəsində güləşçimiz Ruhin Mikayılov çempionata yaxşı başlayıb. Ardıcıl olaraq Slovakiya, Gürcüstan və Ermənistandan olan rəqiblərini üstələyən güləşçimiz yarımfinalda Türkiyə təmsilçisinə uduzub. Bürünc meal uğrunda həlledici görüşə çıxacaq Ruhinin rəqibi Bolqarıstan təmsilçisi olub. Tam üstünlüklə qələbə qazanan güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub.
Finala yüksələn digər bir güləşçimiz isə, 84 kq çəkidə mübarizə aparan İslam Abbasov olub. Ötən il gənclər arasında Avropa və Dünya çempionu olan güləşçimiz rəqiblərinə heç bir şans verməyib. İlk görüşdə Türkiyə, ardınca İsveç idmançısını üstələyən İslam, yarımfinalda Ermənistan təmsilçisini mübarizədən kənarlaşdırıb. Finalda isə, güləşçimiz Rusiya idmançısı ilə qarşılaşıb və rəqibinə heç bir şans vermədən Avropa çempionatının qızıl medalını qazanıb.
Beləliklə, gənclər arasında Avropa çempionatı başa çatdı. Son iki gündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 3 qızıl - Nofəl Babayev (50 kq), İslam Abbasov (84 kq) və Orxan Nuriyev (96 kq), 1 gümüş - Murad Məmmədov (55 kq) və 1 bürünc - Ruhin Mikayılov (66 kq) medal qazanıb. Ümumilikdə, 48 xal toplan yığmamız komanda hesabında 4-cü pillədə qərarlaşıb. İlk üçlükdə isə, Gürcüstan, Türkiyə və Rusiya yığmaları yer alıb.
55 kq
1/16 final - Peter Haase (GER) - Murad Məmmədov 0:11
1/8 final - Murad Məmmədov - Erik Torba (HUN) 9:7
1/4 final - Oleksandr Hruşin (UKR) - Murad Məmmədov 0:9
1/2 final - Slavik Qalstyan (ARM) - Murad Məmmədov 0:5 (təmiz qələbə)
FİNAL - İrakli Şavadza (GEO) - Murad Məmmədov 6:0
66 kq
1/16 final - Laos Drmola (SVK) - Ruhin Mikayılov 3:8
1/8 final - Ramaz Zoidze (GEO) - Ruhin Mikayılov 2:5
1/4 final - Ruhin Mikayılov - Karen Aslanyan (ARM) 2:1
1/2 final - Ruhin Mikayılov - Cengiz Arslan (TUR) 1:3
Bürünc medal görüşü - David Dimitrov (BUL) - Ruhin Mikayılov 0:8
84 kq
1/8 final - İslam Abbasov - Ali Cengiz (TUR) 11:2
1/4 final - Zakarias Berg (SWE) - İslam Abbasov 1:4
1/2 final - İslam Abbasov - Varujan Qriqoryan (ARM) 8:0
FİNAL - Hacımurad Cəlalov (RUS) - İslam Abbasov 0:5
120 kq
1/8 final - Boban Zivanoviç (SRB) - Cavid Feyziyev 5:2