Yunan-Roma yığmamız Olimpiadaya 4 lisenziya qazandı və Dünya ikincisi oldu

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, artıq çempionatda yunan-Roma güləşi yarışları başa çatıb.
Yunan-Roma güləşçilərimiz Rio Olimpiadasına 6 mümkün lisenziyadan 4-ünü (Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq)) qazanıb və lisenziya sayına görə, Rusiya ilə bərabər ilk sırada qərarlaşıb.
Çempionatı 1 qızıl (Rəsul Çunayev, 71 kq) , 1 gümüş (Rövşən Bayramov, 59 kq) və 1 bürünc Saman Təhmasibi, 85 kq) medalla başa vuran yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 39 xal toplayaraq ikinci olub. İlk sıranı 46 xalla Rusiya, üçüncü yeri 35 xalla Ukrayna komandası tutub.
Çempionatda uğurlu çıxış edən yunan-Romaçılarımız artıq Vətənə yola düşüb. Bakı vaxtı ilə 11 sentyabr, saat 21:00-da Vətənə qayıdacaq güləşçilərimizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi təşkil olunacaq.