Yuliya bürünc medal, Toğrul Olimpiadaya lisenziya qazandı

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azerispor.az xəbər verir ki, dördüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə sərbəst güləşçilər yarışıb. Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində mübarizə aparıb. Qadın güləşçilərimizdən Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərimizdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.
58 kq çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç Rusiya təmsilçisi Nataliya Golts, Ukrayna güləşçisi Tetyna Lavrençuk üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib. Burada Qazaxstan güləşçisi Aiym Abdildinanı məğlub edən Yuliya Ratkeviç 2016-cı il Rio Olimpiadasına vəsiqəni təmin edib. Yarımfinalda Finlandiyadan Petra Maarit Olliyə uduzan Yuliya bürünc medal uğrunda həlledici görüşə çıxıb. Son görüşdə İsveç idmançısı Malin Yohanna Mattssonu da məğlub edən güləşçimiz Dünya çempionatının bürünc medalına sahib olub.
Bu gün Dünya çempionatında həm də sərbəst güləş üzrə kişilərin mübarizəsinə start verilib. 65 kq çəkidə mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov yarışa uğurlu başlayıb. İlk olaraq Qazaxstanlı Sayatbek Okassov, ardınca Ermənistan təmsilçisi Devid Safaryan və Gürcüstan idmançısı Avtandil Kençadzeni mübarizədən kənarlaşdıran güləşçimiz 1/4 finalda İtaliya idmançısı Frank Çamizo ilə qarşılaşıb. Bu güləşçi ilə Toğrul ilk dəfə birinci Avropa Oyunlarının finalında qarşılaşmışdı və güləşçimiz təmiz qələbə ilə qalib gəlmişdi. Bu dəfə də görüşün 30-cu saniyəsində Toğrul rəqibinin kürəyini xalçaya sıxa bildi. Ancaq hakimlərin qeyri-obyektiv qərarı ilə görüş davam etdirildi, İtaliya idmançısının qələbəsinə və finala yüksəlməsinə şərait yaradıldı. Toğrul Olimpiadaya vəsiqəni qazanmaq üçün təsəlliverici görüşə qatıldı. Polşa təmsilçisi Maqomedmurad Qadjiyevlə görüşdə əldə etdiyi üstünlük güləşçimizə Rio Olimpiadasının yolunu açdı. Toğrul Əsgərov Dünya çempionatının bürünc medalı uğrunda İran təmsilçisi Seyidahmed Mohammadi ilə qarşılaşıb, ancaq görüş rəqibin xeyrinə başa çatıb və güləşçimiz Dünya çempionatını 5-ci sırada tamamlayıb.