Cəmaləddin Olimpiadaya vəsiqə qazandı və gümüş medala sahib oldu

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatın son günündə sərbəst güləş üzrə 57, 70, 74 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 gümüş medalla tamamlayıb.
Son gündə mübarizəyə qoşulan güləşçilərimizdən Cəmaləddin Məhəmmədov (125 kq) finala qədər bütün rəqiblərini böyük fərqlə məğlub edib. İlk olaraq İraqlı Mohammed Sabah, ardınca Yaponiya təmsilçisi Nobuyoşi Arakidanı məğlub edən Cəmaləddin, 1/4 finalda Monqolustan güləşçisi Çuluunbat Jarqasaixanı təmiz qələbə ilə üstələyərək, həm yarımfinala yüksəlib, həm də Rio Olimpiadasına vəsiqəni təmin edib. Cəmaləddin Məhəmmədov Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanan 11-ci güləşçimiz olub. Yarımfinalda Gürcüstan təmsilçisi Geno Petriaşvilini 57 saniyədə diz çökdürən güləşçimiz finala yüksəlib. Finalda Cəmaləddinin rəqibi Türkiyəli Avropa və Dünya çempionu Taha Akgül olub. Görüşü məğlub başa vuran güləşçimiz Dünya çempionatını gümüş medalla başa vurub.