Xəzri Gələcəyin Olimpiyaçıları turnirində sərbəst güləş yarışlarının qalibi oldu
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında AGF-nin 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışları start götürüb. Azerisport.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 8 klub mübarizə aparıb.
"Həyat", "Xəzri", "Nardaran" və "Aran" Güləş Klubları A qrupunda, "Müşviqabad", "Azəri", "Xosrov Cəfərov" Güləş Klubları və Zenit İdman Cəmiyyətinin komandaları isə B qrupunda yarışıb.
Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan "Xəzri" və "Azəri" Güləş Klublarının komandaları yarışların finalına vəsiqə qazanıb. Həlledici görüşdə hesab 5:5, xalların sayı 21:21 bərabər olub. Ancaq təmiz qələbələrin sayəsində "Xəzri" GK komandası rəqibindən üstün olub və turnirin qızıl medalına sahib olub. "Azəri" GK komandası isə gümüş medalla kifayətlənib. Bürünc medal uğrunda görüşdə Zenit İdman Cəmiyyətinin təmsilçiləri "Həyat" Güləş Klubu komandasını xal hesabı ilə 26:20 (5:5) üstələyib. "Müşviqabad" güləşçiləri "Aran" klubundan güclü olub və turniri beşinci yerdə tamamlayıb. "Nardaran" güləşçiləri isə "Xosrov Cəfərov" Güləş Klubunun təmsilçilərini məğlub edib və turniri yeddinci sırada başa vurub.