Azərbaycan çempionatında ilk gün sərbəst güləşçilər yarışdı

Bakı İdman Sarayında güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan danışıb.
Azərbaycan atletlərinin beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açan Cəfərov idmançılarımızın ciddi sınaq qarşısında olduqlarını diqqətə çatdırıb. Bildirilib ki, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına Azərbaycan pəhləvanları bu günədək 11 lisenziya qazanıblar. Qarşıda duran məqsəd lisenziyaların sayını artırmaq və Olimpiya Oyunlarında bu günədək əldə olunmuş uğuru davam etdirməkdir.
Cəfərov bildirib ki, Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın qazandıqları yüksək nəticələr ölkəmizin güclü potensialı ilə yanaşı, həm də idmana dövlət qayğısının göstəriciləridir. Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Ümummilli Liderin siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam etdirilib.
İlk yarış günündə 57, 61, 65, 70 və 74 kq çəki dərəcələrində 152 nəfər sərbəst güləşçi mübarizə aparıb.
57 kq çəkidə Mahir Əmiraslanov, 61-də Cahid Həsənzadə, 65 kq-da Ağahüseyn Mustafayev, 70 kq-da Qitinomaqomed Hacıyev, 74 kq-da isə Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və Azərbaycan çempionatının qızıl medalını qazanıb.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunur.