Yaşar Doğu turnirinin son günündə 1 qızıl, iki bürünc medal

Yaşar Doğu turnirinin son günündə güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıb. Azerisport.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev qızıl, Həmzət Osmanov bürünc medal qazanıb. Hər iki güləşçimiz medal görüşündə Türkiyə təmsilçilərinə qalib gəlib.
65 kq çəkidə mübarizə aparan Hacı Əliyev 1/4 final qarşılaşmasında Puerto Rikolu Matos Gomezlə görüşdə rəqibin qaydalara zidd fəndə yol verməsi ilə zədələnsə də görüşü qələbə ilə başa vura bilib. Yarımfinalda Türkiyə təmsilçisi Mustafa Kaya ilə görüşü isə güləşçimiz zədə səbəbindən davam etdirə bilməyib.
Bu çəkidə digər təmsilçimiz Ağahüseyn Mustafayev təsəlliverici görüşdə qalib gəldikdən sonra bürünc medal uğrunda görüşə haqq qazanıb. Ağahüseyn Mustafayev bürünc medal uğrunda görüşdə komanda yoldaşı Hacı Əliyevlə qarşılaşmalı idi. Ancaq Hacının zədəsi onun bu görüşə çıxmasına mane olub. Bununla da Ağahüseyn Mustafayev turnirin bürünc medalına sahib olub.