Azərbaycan Türkiyədə 3-cü oldu

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edib.
Son yarış günündə yığma komandamızın üzvləri 1 qızıl və 2 bürünc medal qazanıb. Xatırladaq ki, ilk iki yarış günündə yığma komandamızın üzvləri 1 gümüş və 4 bürünc medal əldə etmişdilər.
Beləliklə, sərbəst güləşçilərimiz Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turniri ümumilikdə 1 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurub. Yığmamız komanda hesabında Türkiyə və Monqolustandan sonra üçüncü yerdə qərarlaşıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.