Beynəlxalq Sığorta Şirkəti İlin Sığorta Şirkəti seçildi
8 dekabr 2010 13:55
4 Dekabr 2010-cu il tarixində “BUTA PALACE” sarayında “BUSİNESS AWARD” mükafatının təntənəli təqdimetmə mərasimi keçirilmişdir. Mükafat Respublikada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, yüksək nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunmuşdur. Mükafatının laureatlarından biri dəİLİN SIĞORTA ŞİRKƏTİ nominasiyasında Beynəlxalq Sığorta Şirkəti olmuşdur.
Təqdimetmə mərasimində Beynəlxalq Sığorta Şirkətini təmsil edən Biznesin İnkişafı Departamentinin Direktoru, İdarə Heyətinin üzvü Elşad Əliyev çıxış edərək Şirkətin yarandığı 8 il ərzində əldə edilmiş uğurlardan danışmışdır. O, BSŞ-nin daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətlərigöstərilməsi istiqamətində çalışdığını, Şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulamışdır.
Qeyd etmək lazımdır ki, bu mükafat 2010-cu il ərzində Beynəlxalq Sığorta Şirkətinin “Azərbaycanın sığorta bazarında yeniliklərin tətbiqinə görə” “Uğur” Milli mükafatı, “Sığorta sisteminin təkmilləşdirilməsi” nominasiyası üzrə “QIZIL BUTA” mükafatı və Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə birgə təsis etdiyi “Proqress” mükafatından sonra layiq görüldüyü dördüncü mükafatdır. Ümumilikdə isə Şirkət fəaliyyət dövrü ərzində dəfələrlə müxtəlif nominasiyalar üzrə İlin Şirkəti mükafatlarına layiq görülmüşdür.
2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, 27 oktyabr 2009-cu ildə ən böyük Beynəlxalq reytinq agentliklərindən biri “Moody's Investors Service” agentliyi tərəfindən “B2” səviyyəsində, “sabit” reytinq proqnozlu maliyyə sabitliyi reytinqi (insurance financial strength rating, IFSR) almış Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 37 sığorta növü üzrə xıdmətlər göstərir.