Dünya çempionumuz erməni polisi öldürdü (FOTO)
19 oktyabr 2011 16:46

Uşu-sanda üzrə ikiqat dünya çempionu, Azərbaycan yığmasının sabiq məşqçisi həbs olunub. Azerisport.az xəbər verir ki, Canpolad Budaqov qətldə təqsirli bilinir.
İstintaqın versiyasına görə, 40 yaşlı Canpolad Budaqov 2011-ci ilin avqust ayında Samarada sahə müvəkkili, erməni Samvel Mehrabovla yaranan mübahisə zamanı onu bıçaqlayıb. Samarada azərbaycanlının sahə müvəkkilini öldürməsi haqda məlumat avqustun 1-də “Komsomolskaya pravda” qəzetində yayılıb. Qəzetin yazdığına görə, avqustun 1-nə keçən gecə 25 yaşlı sahə müvəkkili Samvel Mehrabov “Vodopad” kafesində atasının yubileyini keçirirmiş. Bir masa arxasında oturan qonaqlar arasında yaranan mübahisəyə qarışan polisi Azərbaycan vətəndaşı bıçaqla vurub və hadisə yerindən qaçıb.
İstintaq müəyyən edib ki, azərbaycanlı idmançı hadisəni törətdikdən sonra Orenburqda qohumlarıgilə sığınıb, bu ilin oktyabrında isə Moskvaya gedib. Oktyabrın 17-də Moskvada ələ keçən idmançı hadisə törətdiyini etiraf edib. Məhkəmə onun həbsinə və Samaraya göndərilməsinə qərar verib.
Gürcüstanda doğulmuş Canpolad Budaqovun Azərbaycanda dələduzluq ittihamı ilə axtarışda olduğu bildirilir.