Beynəlxalq Olimpiya Komitəsi Bakıda forum keçirir
20 oktyabr 2011 16:18

Bu gün Bakıda MDB və Baltikyanı ölkələrin milli olimpiya komitələrinin rəhbərlərinin regional forumu işə başlayıb. Azerisport.az xəbər verir ki, forum Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Həmrəyliyi Təşkilatının dəstəyi ilə keçirilir.
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un prezidenti, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin adından tədbir iştirakçılarını təbrik edərək forumun işinə uğurlar arzulayıb. Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov isə çıxışında bunları dilə gətirib:
“Ölkədə yaxşı maddi-idman bazasının olması idmançılarımızın hazırlığına və beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etmələrinə nəzərəçarpacaq təsir göstərib. İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı və keyfiyyəti ilbəil artır”.
Nazir Azərbaycan idmançılarının uğurlarında böyük dinamika olduğunu vurğulayaraq deyib ki, əgər 2005-ci ildə idmançılarımız idmanın Olimpiya və qeyri-Olimpiya növləri üzrə 200-dən çox medal qazanmışdılarsa, 2010-cu ildə 675 medala sahib olublar:
“Bu medalların 206-sı Olimpiya idmanı növləri üzrə medaldı ki, bu da Azərbaycan idmançılarının böyük uğurundan xəbər verir. Bu günədək artıq 24 Olimpiya lisenziyası qazanılıb”.
MDB və Baltikyanı ölkələrin komandalarının təlim-məşq toplanışlarının Azərbaycanda keçirilməsini təklif edən nazir qeyd edib ki, bunun üçün ölkəmizdə əlverişli iqlim şəraiti var.
Qeyd edək ki, Olimpiya komitələrinin başçıları forumda əməkdaşlığın perspektivlərini müzakirə edəcək, 2014-cü ildə Soçidə keçiriləcək qış Olimpiya oyunlarına hazırlığın gedişi haqqında məruzə dinləyəcəklər.