Nazirlik 2011-ci ilin ən yaxşılarını açıqladı
23 dekabr 2011 17:55

Bu gün “Buta Palace”da ilin idman yekunları ilə bağlı tədbir keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıblar.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bu il əldə olunan idman nailiyyətlərindən danışıb. Nazir qeyd edib ki, bu il ölkəmiz 42 beynəlxalq tədbir keçirib. İl ərzində 705 medal qazanılıb. Bunların 276-ı olimpiya növü üzrədi. Keçən il isə 673 medal qazanılıb və onların 206-ı olimpiya növü üzrə olub. Azad Rəhimov 2012-i ildə London Yay Olimpiya Oyunları kimi mötəbər və məsul yarışın keçiriləcəyini bildirib. O, idmançıların bu yarışa daha ciddi hazırlaşmalı olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də ilin idman uğurlarından danışıb və hamını təbrik edib. Daha sonra ayrı-ayrı nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. Ayrı-ayrı nominasiyalar üzrə idmançılara mükafatları televiziya jurnalistləri təqdim ediblər.
2011-ci ilin 10 ən güclü idmançıları aşağıdakılar olub:
1. Valentin Demyanenko – kanoe üzrə Avropa çempionatının ikiqat qalibi və dünya çempionu
2. Məhəmmədrəsul Məcidov – boks üzrə dünya çempionu
3. Rövşən Bayramov – yunan-Roma güləşi üzrə dünya çempionu
4. Şərif Şərifov - sərbəst güləş üzrə dünya çempionu
5. Ramin Əzizov – taekvondo üzrə dünya olimpiya təsnifat turnirinin qalibi
6. Mariya Stadnik – qadın güləşi üzrə dünya çempionatının gümüş mükafatçısı
7. Teymur Məmmədov – boks üzrə Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı
8. Aliyə Qarayeva – bədii gimnastika üzrə dünya çempionatının bürünc mükafatçısı
9. İlqar Müşkiyev – cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı
10. Valentin Xristov – ağırlıqqaldırma üzrə dünya çempionatının bürünc mükafatçısı
Digər nominasiyalara gəldikdə, Hicran Şərifov (güləş) ilin məşqçisi, voleybolçu qadınlar arasında dünya çempionu “Rabitə” ilin klubu, Azərbaycan Boks Federasiyası ilin federasiyası, “Kür” Olimpiya Mərkəzi ilin idman qurğusu seçiliblər.
İlin ən yaxşı jurnalisti adına Rövşən Binnətli (Lider) layiq görülüb. İlin telekanalı adını isə “Space” qazanıb.