Azad Rəhimovla Platini danışılmış oyunlara qarşı
16 mart 2012 14:28

Serbiyanın paytaxtı Belqradda Avropa İdman Nazirləri Konfransı keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edib.
Konfrans iştirakçıları idmanda danışılmış oyunlar və manipulyasiya ilə mübarizə məqsədilə beynəlxalq müqavilənin hazırlanmasına dair razılığa gəliblər. Bu məqsədlə Avropa Şurası nəzdində müzakirələrə başlanılacaq. Müzakirələr Avropa Şurasının Mədəniyyət, Təhsil və İdman Direktorluğunun təşkilatçılığı ilə aparılacaq. Diskussiyalara Avropa Şurasından əlavə, Avropa Birliyi, UEFA, Beynəlxalq Olimpiya Komitəsi, ayrı-ayrı ölkələr və beynəlxalq idman qurumları və təşkilatları, həmçinin bukmeyker kontorları daxil ediləcək. Sonda hazırlanacaq anlaşma mətninin layihəsi Avropa Şurasının qanunverici orqanı olan Nazirlər Komitəsinə veriləcək. Yekun qərar isə yaxın 2 il ərzində veriləcək.
Konfransa qatılan Avropa Şurası ölkələrinin əksəriyyəti idmanda danışılmış oyunlar və manipulyasiyaya qarşı beynəlxalq müqavilənin hazırlanmasına açıq dəstək veriblər. Lakin İngiltərə, Hollandiya və Skandinaviya ölkələri müxtəlif səbəblər göstərərək, anlaşmaya qoşulmayıblar.
Tədbir zamanı UEFA prezidenti Mişel Platini də çıxış edib. O, danışılmış oyunlar və manipulyasiyanın arxasında mütəşəkkil cinayətkarlardan ibarət şəbəkənin olduğunu söyləyib. Platini fəlakət kimi dəyərləndirdiyi belə hallara qarşı beynəlxalq müqavilənin hazırlanmasına dair çağırış edib. UEFA prezidentinin fikrincə, bu anlaşma dürüst və səmimi idman mübarizəsinin formalaşdırılması istiqamətində ilk mərhələ olacaq. Platini ad çəkmədiyi bəzi Avropa klublarını isə “nəhəng kazino” kimi qələmə verib.
Avropa futbol qurumun rəhbəri qitənin bəzi klublarının milli komandalara oyunçu göndərməkdən imtinasını da tənqid edib. O, belə hallarla mübarizədə İspaniyada yığmaya məcburi oyunçu göndərməni nəzərdə tutan qanunun qəbulunu nümunə göstərib.