“Ümid edirik ki, Azərbaycan idmançıları London olimiadasında daha çox medal qazanacaq”
24 iyun 2012 14:41

“Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə cari il ölkəmizdə “İdman ili” elan olunub. Həmçinin, bu il Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 20 illiyi də qeyd olunacaq”. Azerisport.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O, bildirib ki, Səməd Vurğun adına bağın yaxınlığında təşkil olunan Olimpiya qaçış günü də məhz MOK-un yaradılmasının 20 illiyinə həsr olunub: “Bu tədbir vasitəsilə biz paytaxt sakinlərini idmanla məşğul olmağa və asudə vaxtlarını səmərəli təşkil etməyə səsləyirik. Bu cür yarışlar Azərbaycanın bölgələrində də keçirilib. Sonuncu belə tədbir iyunun 22-də Gəncədə təşkil olunmuşdu”.
Ç. Hüseynzadə deyib ki, ötən dövr ərzində dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyevin rəhbərliyi altında idman sahəsində də çox böyük uğurlar qazanılıb. “İdmançılarımızın olimpiya yarışlarında qazandıqları medalların sayı ilbəil artır. Ümid edirik ki, London Yay Olimpiya Oyunlarından da idmançılarımız əliboş qayıtmayacaqlar və əvvəlki illərdə olduğu kimi medalların sayını bu dəfə də ən azı 2 dəfə artıracaqlar”.
Qeyd edək ki, idmançılarımız London Yay Olimpiya Oyunlarına 53 lisenziya qazanıblar və daha 2 lisenziya qazanmaq şansımız var. (Azərtac)