MOK-un yeni kitabının təqdimatı keçirilib
20 iyul 2012 16:23
İyulun 20-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində (MOK) “Azərbaycan XXX Yay Olimpiya Oyunlarında” kitabının və Milli Olimpiya yığmasının rəsmi kommunikasiya tərəfdaşının təqdimatı keçirilib. Azerisport.az xəbər verir ki, kitab Azərbaycanın zəngin təbiəti, mədəniyyəti, Olimpiya və idmanın inkişaf tarixi ilə yanaşı Milli Olimpiya yığmasının üzvləri, həmçinin rəsmi tərəfdaşlar haqda məlumatlardan ibarətdir. Kitabın nəşrində “bp-Azərbaycan” şirkəti də maliyyə dəstəyi göstərib.
Təqdimat mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Milli Olimpiya yığmasının üzvləri – idmançılar, məşqçilər və media nümayəndələri də iştirak ediblər.
“Azərbaycan XXX Yay Olimpiya Oyunlarında” kitabının rəsmi təqdimatından sonra Gənclər və İdman Nazirliyinin və MOK-un rəsmiləri çıxış edərək Yay Olimpiya Oyunlarına 3-cü dəfə ev sahibliyi edən Londonda yarışların gərgin idman mübarizəsi şəraitində keçəcəyini vurğulayıblar. Buna baxmayaraq idmançılarımızın yüksək hazırlığı nəticəsində bu dəfəki Olimpiya Oyunlarından da üzü ağ qayıdacaqlarını və Azərbaycan xalqını sevindirəcəklərinə ümidvar olduqlarını bildiriblər.