Bakıda ilk dəfə Beynəlxalq İdman Filmləri Festivalı keçiriləcək
2 oktyabr 2012 16:49
Oktyabrın 9-dan 11-dək paytaxtımızda I Bakı Beynəlxalq İdman Filmləri Festivalı keçiriləcək. Azerisport.az xəbər verir ki, 20-dək ölkənin təmsil olunacağı bu tədbirdə 50-dən çox bədii və sənədli film nümayiş olunacaq.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalın münsiflər heyətində dünya kinematoqrafiya və idman aləmində böyük nüfuza malik simalar təmsil olunacaq. Filmlər Nizami Kino Mərkəzinin zallarında nümayiş etdiriləcək.
Festival iştirakçıları ən yüksək mükafat – “Qran-Pri” ilə yanaşı “İdman və cəmiyyət”, “İdman və şəxsiyyət” müsabiqə nominasiyalarında iştirak edəcəklər. Bundan başqa münsiflər heyətinin “Xüsusi mükafatı” da yekunda öz sahibini tapacaq.
Media nümayəndələrinin nəzərinə çatdırırıq ki, oktyabrın 9-da festivalla bağlı mətbuat konfransı olacaq. Konfransın saatı və məkanı haqda məlumat yaxın günlərdə bildiriləcək.