Beynəlxalq Sığorta Şirkətində Azərbaycan sığorta bazarının liderləri ilə Türkiyənin informasıya texnologiyaları sahəsinin aparıcı şirkəti arasında görüş keçirildi
10 oktyabr 2012 11:02

9 oktyabr 2012-ci il tarixində Beynəlxalq Sığorta Şirkətində ölkəmizin aparıcı sığorta şirkətlərinin Türkiyənin informasıya texnologiyaları sahəsinin lideri olan “Cybersoft” şirkəti ilə görüşü keçirilmişdir. Görüş zamanı, Azərbaycanda sığorta sahəsində qabaqcıl texnologiyaların tətbiqi perspektivləri müzakirə edilmişdir.
Beynəlxalq Sığorta Şirkətinin nümayəndələri ilə yanaşı, tədbirdə Paşa Sığorta, Atəşgah, İpək Yolu Sığorta, Atasığorta, Xalq Sığorta, Azərbaycan Sənaye Sığorta və Günay Sığorta şirkətlərinin rəhbərləri və İT bölmələrinin müdirləri iştirak etmişlər.
Görüşdə, “Cybersoft” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış sığorta sahəsində biznes proseslərinin avtomatlaşdırılmasının müasir həlləri nümayiş etdirilmişdir. Tədbir iştirakçıları Şirkətin proqram təminatı sahəsində digər məhsulları barədə, o cümlədən CRM və elektron ticarət sistemləri sahəsi üçün proqram təminatları barədə də məlumatlandırılmışlar.
Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov görüşdən sonra məlumat verərək bildirmişdir: “Bu görüş birinci olduğuna və tanışlıq xarakteri daşıdığına baxmayaraq çox faydalı oldu. Biz sığorta sahəsində qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı bir sıra sualları müzakirə edə bildik. Şirkətin təkliflərinin bizə maraqlı olmasını deyə bilərəm”.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.