Bakıda SportExpo-2012 sərgisi keçiriləcək
14 noyabr 2012 15:22
28 noyabr tarixində Azərbaycanda ilk dəfə “Bakı Ekspo” mərkəzində yeni sərgi layihəsi - “SportExpo-2012” beynəlxalq “İdman, İdman ləvazimatı və geyimi” sərgisi öz işinə başlayacaq. Azerisport.az xəbər verir ki, “SportExpo-2012” sərgisi Azərbaycanda idmanın inkişafına artan diqqətin və idman infrastrukturuna irihəcmli investisiyaların yatırılması fonunda keçirilir.
2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması, Londonda keçirilən Yay Olimpiya və Paralimpiya oyunlarında idmançılarımızın yüksək nailiyyətləri, həmçinin bu sərginin təşkilinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən göstərilən fəal dəstək “SportExpo” sərgisinin əhəmiyyətindən xəbər verir. Debüt sərgi idman sahəsində fəaliyyət göstərən 50-dən çox özəl və dövlət sektorunun nümayəndələrini, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirəcək.
“SportExpo-2012” sərgisində idman obyektlərinin təchizatı sahəsində idman qurğuları və ləvazimatlarının, trenajorlar və qida məhsullarının istehsalçıları və təchizatçıları ilə kompleks tanışlıq üçün şərait yaradılacaq. Sərgidə Azərbaycanda inkişaf etmiş bütün idman növləri, o cümlədən boks, gimnastika, stolüstü tennis, üzgüçülük, yelkən idman, futbol, taekvondo, stend atıcılığı, eləcə də tennis, qolf, alpinizm və digər idman növləri təqdim ediləcəkdir.