Pul qazanmaq istəyənlər üçün daha bir fürsət!
29 dekabr 2012 17:27

Ölkəmizdə 2010-cu ildən keçirilən cıdır yarışları yeni inkişaf mərhələsinə qədəm qoyub. Azerisport.az xəbər verir ki, bu mövsümdən etibarən respublikamızda cıdır-şans totalizator oyunları təşkil olunacaq.
Artıq bununla bağlı bütün lazımı tədbirlər həyata keçirilib. Cıdır-şans totalizator oyunlarının təşkilatçıları bu yolla Azərbaycanda atçılıq idman növünün daha da inkişaf etdirilməsinə nail olmaq istəyirlər.
Qeyd edək ki, cıdır-şans totalizator oyunları da “Topaz” qaydaları ilə həyata keçirilir. Bu oyunlarda öz şansını yoxlamaq istəyən istənilən şəxs belə bir imkana sahibdi. Özü də təkcə Azərbaycanda yox, dünyanın müxtəlif ölkələrində (Sinqapur, CAR, ABŞ və s.) keçirilən turnirlərin də yarışlarına pul qoyuluşları etmək mümkün olacaq.
Lakin CIDIR “Topaz”dan bir qədər fərqlənir. Məsələn, əgər futbol yarışlarında nəticəni öncədən müəyyənləşdirməklə pul qoyuluşları edilirsə, CIDIR-da qaliblər pul qoyuluşu edənlərin sayından asılı olaraq müxtəlif məbləğlərdə qazanc əldə edirlər. Yəni “Topaz”da qaliblər yalnız təşkilatçılarla oynayırlarsa, CIDIR-da bu yarışlarda iştirak edən şəxslərlə oynamaq imkanı var.
Təşkilatçıların sözlərinə görə, bu oyunlarda öz şansını sınamaq istəyənlər üçün hər cür şərait yaradılıb. Yəni hər bir şəxs istər yerli, istərsə də, xarici cıdır yarışlarında öz bəxtini sınaya bilər.
Bu yarışlarda da əsas vacib məqamlardan biri pul qoyuluşlarının cıdır yarışlarının startına kimi bitməsidi. Yəni yarışlar başlayandan sonra hansısa pul qoyuluşu mümkün olmur.