Serbiyalı nazir: Azərbaycanın bu sahədə böyük təcrübəsi var
2 iyul 2013 14:05

İyulun 1-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə səfərdə olan Serbiyanın gənclər və idman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azerisport.az xəbər verir ki, xanım Alisa Mariç Azərbaycanda gedən inkişafın onda xoş təəssüratlar yaratdığını bildirib:
“Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsini Serbiya tam dəstəkləyir. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində böyük təcrübəsi var. İnanıram ki, 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olunacaq və bütün idmansevərlərin yaddaşında xoş izlər buraxacaq”.
A.Mariç Serbiyada keçiriləcək qadınlar arasında Avropa şahmat çempionatında Azərbaycan idmançılarının uğur qazanacağına əminliyini diqqətə çatdırıb.
Görüşdə A.Rəhimov qonağa Azərbaycan idmançılarının qazandıqları uğurlar barədə məlumat verib. Bildirib ki, son illər ölkəmizdə 40-dək yeni Olimpiya İdman Kompleksi, bir sıra müxtəlif idman növləri üçün xüsusi idman mərkəzləri istifadəyə verilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Beynəlxalq əhəmiyyətli yarışların keçirilməsində Azərbaycanın kifayət qədər təcrübəsi olduğunu vurğulayan A.Rəhimov deyib ki, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Bakıda yüksək səviyyədə təşkili bunun əyani sübutudu. Qarşıdakı illərdə ölkəmizin bir sıra mötəbər yarışlara ev sahibliyi edəcəyini bildirən nazir deyib ki, 2015-ci ildə Dünya Kuboku və 2016-cı ildə Beynəlxalq Şahmat Olimpiadası Bakıda keçiriləcək. Azərbaycan gələn il Dünya İdman Mətbuatı Assosiasiyasının növbəti konqresinə də ev sahibliyi edəcək.
Qeyd olunub ki, hazırda Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülüb. Bununla bağlı müvafiq texniki kitab hazırlanaraq İslam Həmrəyliyi İdman Federasiyasına təqdim olunub. Ən əsası isə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı ilə 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil etmək hüququ Bakıya verilib. Hazırda Bakıda hərbçilər arasında birinci Dünya Futbol Kubokunun oyunları keçirilir. Nazir nümayəndə heyətini oyunları seyr etməyə dəvət edib.
Sonda Serbiyanın gənclər və idman naziri A.Rəhimova müxtəlif yarışlarda çəkilmiş şəkillərdən ibarət fotoalbom təqdim edib.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti iyulun 2-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. Sonra qonaqlar Milli Olimpiya Komitəsində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Dövlət Bayrağı Meydanında, Bakı-2015 Atletlər kəndində, Azərbaycan Gənclər Fondunda və bir sıra idman mərkəzlərində olacaqlar.
Serbiya nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.