Gənclər və idman naziri Quba şəhərində vətəndaşları qəbul etdi
5 iyul 2013 15:15

İyulun 5-də gənclər və idman naziri Azad Rəhimov Quba şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib. Azerisport.az xəbər verir ki, Mədəniyyət Evində keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Vətəndaşların müraciəti daha çox təmsil etdikləri bölgələrdə idman bölmələrinin açılması, güzəştli ipoteka krediti, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, işə düzəlmə, gənclər təşkilatlarının yaradılması və qeydiyyata alınması, fəxri adların alınması və digər məsələlərlə bağlı olub.
Qəbulda nazirliyin müxtəlif struktur rəhbərlərinə, eləcə də şimal bölgəsindəki rayonların gənclər və idman idarələrinin rəislərinə qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verilib.
Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.