Azərbaycanla Braziliya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
24 iyul 2013 01:45

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Fransanın Lyon şəhərinə səfəri davam edir. Azerisport.az xəbər verir ki, səfər çərçivəsində İ.Rəhimov Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsla görüşüb.
Hər iki komitənin rəhbəri ölkələrində paralimpiya hərəkatı barədə son dövrlərdə aparılan işlər barədə məlumat verib. E.Parsons AMPK ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Braziliyaya səfəri zamanı onunla görüşdüyünü, bu əməkdaşlığın qurulmasına kömək göstərməsini xahiş etdiyini diqqətə çatdırıb. E.Parsons bir neçə idman növü üzrə məşqçilərin və idmançıların hazırlıq səviyyələrinin artırılması məqsədi ilə birgə təlim-məşq toplanışlarının keçirilməsinin faydalı olacağını bildirib. Vurğulayıb ki, bunun üçün Braziliya tərəfi hər bir kömək göstərməyə hazırdı.
AMPK-nın prezidenti Azərbaycanda idmana dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, ölkəmizdə paralimpiya hərəkatının inkişafı üçün bütün şərait yaradılıb. İ.Rəhimov həmkarının gələcək üçün verdiyi təklifləri dəstəkləyib və bu əməkdaşlığın hər iki tərəf üçün önəmli olacağını qeyd edib.
Sonda gələcək tərəfdaşlığın rəsmiləşdirilməsi üçün E.Parsonsun sentyabrda Bakıya gəlməsi barədə razılıq əldə edilib.