İHİF-in növbəti Baş Assambleyası Azərbaycanda keçiriləcək
24 iyul 2013 22:16
Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası keçirilir. Azerisport.az xəbər verir ki, assambleya çərçivəsində İHİF-in 2013-2017-ci illər üçün yeni tərkibi müəyyən edilib.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə yenidən növbəti dörd illiyə İHİF-in vitse-prezidenti seçilib.
Həmçinin 2015-ci ildə İHİF-in növbəti Baş Assambleyasının Azərbaycanda keçirilməsi haqda qərar qəbul olunub.
Qeyd edək ki, assambleya çərçivəsində İHİF-ə üzv olan Milli Olimpiya Komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilib.