Çingiz Hüseynzadə İHİF-in vitse-prezidenti seçildi
24 iyul 2013 16:04

Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası keçirilir. Azerisport.az xəbər verir ki, assambleya çərçivəsində İHİF-nin 2013-2017-ci illər üçün yeni tərkibi müəyyən edilib.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə yenidən növbəti dörd illiyə İHİF-nın vitse-prezidenti seçilib. Eyni zamanda struktur dəyişikliyinə əsasən, İHİF 1968-ci ildən bəri fəaliyyəti müddətində ilk dəfə İcraiyyə Komitəsinə xanım nümayəndə olaraq MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi və “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva seçilib.
Azərbaycan İslam Həmrəylik İdman Federasiyasında iki nümayəndə ilə təmsil olunan yeganə dövlətdi.
Qeyd edək ki, assambleya çərçivəsində İHİF-yə üzv olan Milli Olimpiya Komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilib.