“Avropa Olimpiya Oyunları zamanı nəqliyyat məsələlərinin həll olunması diqqət mərkəzindədi”
25 sentyabr 2013 13:15
Bu gün “Abşeron” mehmanxanasında Fransanın Azərbaycandakı səfirliyi Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı seminar təşkil edib. Azerisport.az xəbər verir ki, seminarda iştirak edən gənclər və idman naziri Azad Rəhimov bu turnirə hazırlıqla bağlı məlumat verib:
“2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları zamanı nəqliyyat məsələlərinin həll olunması diqqət mərkəzindədi. Avropa Olimpiya Oyunları 2015"in Təşkilat Komitəsinin nəqliyyat departamentinə London, Afinada keçirilən Olimpiya Oyunlarının təşkilatçılığında iştirak etmiş mütəxəsislər cəlb olunublar”.
A.Rəhimov əlavə edib ki, Fransadan olan mütəxəsislərin bu sahədə geniş təcrübəsi var. Nazir vurğulayıb ki, Avropa Olimpiya Oyunları zamanı xüsusi "shuttle bus"lar (ictimai nəqliyyat xidməti) fəaliyyət göstərəcək ki, onlar da azarkeşlərin idman qurğularına çatdırlmasını təmin edəcəklər.
Həmçinin A.Rəhimov deyib ki, nəqliyyatla bağlı məsələləri həll etmək üçün Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Yol Polisi ilə birgə işlər görülür: "Ümid edirik ki, 2015-ci ilin iyun ayında keçiriləcək Olimpiya Oyunları zamanı əhaliyə çətinliklər yaranmayacaq".
Nazir əlavə edib ki, Avropa Olimpiya Oyunları zamanı nəqliyyat problemlərinin yaranmaması üçün Bakıda yaşayan əhalinin nizam-intizamından çox şey asılıdı.