Ağdam rayonunda Doğma diyar - Azərbaycan layihəsi keçiriləcək (FOTO)
18 dekabr 2013 13:22
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin tərəfindən 21 dekabr 2013-cü il tarixindən başlayaraq, bir həftə ərzində Ağdam rayonu Quzanlı qəsəbəsində “Doğma diyar - Azərbaycan” adlı layihə həyata keçiriləcək. Azerisport.az xəbər verir ki, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədri Amil Cavadov bildirmişdir ki, layihənin keçirilməsində əsas məqsəd, yeniyetmə və gənclərin milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək verməkdən ibarətdir.
Bir həftə müddətində davam edəcək “Doğma diyar - Azərbaycan” layihəsi çərçivəsində 100-ə yaxın region gənclərinə vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi istiqamətində gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət, sədaqət hissinin gücləndirilməsi, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi, yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinə mənəvi və psixoloji təsirin göstərilməsi, gənclərin Azərbaycanın milli-mədəni irsi, tarixi haqqında məlumatlandırılması və vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması mövzularında görüşlər keçiriləcək.
