Azad Rəhimovun ABŞ-a rəsmi səfəri başlayır
19 mart 2014 15:11
20 mart 2014-cü il tarixindən etibarən Gənclər və İdman naziri Azad Rəhimovun ABŞ-a rəsmi səfəri başlayır. Azerisport.az xəbər verir ki, səfərin əsas məqsədi bu ilin 28-30 oktyabr tarixlərində Bakıda Gənclər və İdman nazirliyi, BMT Baş katibinin Gənclər üzrə Elçisi, UNESCO, Avropa Şurası, BMT-nin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə birlikdə keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumuna ikinci hazırlıq toplantısında iştirak etməkdir.
Səfər çərçivəsində nazir A.Rəhimovun Qlobal Forumun Bakıda keçirilməsinə dəstək göstərən və özünün 5 illik prioritetlərində gənclərlə işi xüsusi vurğulayan BMT-nin Baş katibi Ban Ki-Muna rəsmi dəvət məktubunu təqdim etməsi də nəzərdə tutulub.
24-26 mart tarixlərində Azad Rəhimovun BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi tərəfindən ABŞ-ın aparıcı universitetlərindən biri olan Kolumbiya Universitetində "Gənclərin qeyri-bərabərliyi və marqinallaşmasının daha yaxşı anlamına doğru" mövzusunda təşkil edilmiş Konfransda çıxışı da nəzərdə tutulub.
Eyni zamanda səfər zamanı nazirin BMT-nin İnkişaf Proqramının Administrasiyası rəhbəri xanım Helen Klark, BMT Baş katibinin Məlumat və İctimai əlaqələr üzrə nümayəndəsi cənab Piter Launski-Tiffental və digər şəxslərlə rəsmi görüşlər keçirəcəyi planlaşdırılıb.
BMT Baş katibinin Gənclər üzrə Elçisi cənab Əhməd Əlhəndəvi ilə görüş zamanı Azərbaycan respublikası Gənclər və İdman nazirliyi və BMT-nin Azərbaycan Respublikasinin Gənclər və İdman Nazirliyi ilə BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi arasında Anlaşma Memorandumunun imzalanacağı nəzərdə tutulub.
(GİN mətbuat xidməti)