Azad Rəhimov Sportaccord Beynəlxalq Konvensiyasının iclasında iştirak edir
7 aprel 2014 11:00
Gənclər və idman naziri Azad Rəhimov 7 aprel tarixindən etibarən Türkiyə Respublikasının Antalya şəhərində öz işinə başlayan Sportaccord Beynəlxalq Konvensiyasının növbəti illik sessiyasında iştirak etmək üçün bu ölkəyə rəsmi səfərə yola düşüb. Azerisport.az xəbər verir ki, “Sportaccord” Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə qlobal tədbirlər keçirən təşkilatdır.
Sessiya çərçivəsində Beynəlxalq Federasiyaların prezidentləri və baş katibləri, idmanla əlaqəli şirkətlərin rəhbərləri ilə görüşlərin və müzakirələrin keçirilməsi imkanları yaradılır.
Tədbir zamanı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası, Yay və Qış Olimpiya Oyunları Beynəlxalq Federasiyalarının Baş Assambleyaları, İdman Assosiasiyalarının Müstəqil Üzvləri Birliyinin plenar iclası və digər görüşlər keçiriləcək.
Tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına aid sərgi təşkil olunacaq və Avropa Oyunlarının təqdimatı keçiriləcək.
Sessiya 10 aprel tarixində öz işinə yekun vuracaq.
(AGİN mətbuat xidməti)