Üçüncü təsnifat mərhələsi üçün ikinci addım
24 июля 2012 00:06

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də növbəti oyununa çıxacaq.
Məlum olduğu kimi, komandamız ilk cəhdində Gürcüstan çempionu “Zestafoni”ni mübarizədən kənarlaşdırmalıdı. Hansı ki, “Neftçi” kimi, bu komanda da son iki mövsümdə ardıcıl olaraq ölkə çempionu adını qazanıb.
Qeyd edək ki, “Zestafoni”nin baş məşqçisi yerli mütəxəssis – 32 yaşlı Georgi Çiabrişvilidi. Klubun prezidenti isə İlia Kokayadı. “Zestafoni” ilk dəfə avrokuboklara 2007-2008 mövsümündə çıxıb. UEFA İntertoto Kubokunda çıxış edən komanda ilk mərhələdə Qazaxıstan “Tobol”una uduzaraq mübarizəni dayandırıb. Növbəti mövsüm UFEA Kubokunda yarışan komanda ilk mərhələdə Macarıstanın “Gyori ETO” klubuna yenilib. 2009-2010 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində Şimali İrlandiyanın “Lisburn” klubunu udan komanda növbəti mərhələdə İsveç “Helsingborg”una uduzub.
2010-2011 mövsümündə Avropa Liqasında “Zestafoni” San Marinonun “Faetano” və Slovakiyanın “Dukla” klublarını məğlub etsə də, üçüncü mərhələdə Ukrayanın “Karpatı” klubuna yenilib. 2011-2012 mövsümündə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan komanda ilk oyunda Moldova “Dacia”sını mübarizədən kənarlaşdırıb, ardınca Avstriya “Şturm”una uduzub. Burdan birbaşa Avropa Liqasının pley-off mərhələsinə düşən komanda “Brügge” ilə qarşılaşıb. Gürcüstandakı oyun 3:3 hesabı ilə bitib, səfər matçını “Brügge” üstün olub – 2:0.
“Zestafoni”nin heyətində cəmi bir legioner var. Bu, 19 yaşlı nigeriyalı hücumçu Abayomi Ovonikokodu. Komandanın bəzi futbolçuları Gürcüstan yığmasında oynayır, bəziləri isə əvvəllər oynayıb. Heyətdə Premyer Liqamızın xeyli sabiq iştirakçıları da var. Belə ki, “Zestafoni”nin bəzi üzvləri vaxtı ilə ölkəmizdə çıxış edib. Zurab Mamaladze və Tornike Aptsiauri “Qəbələ”nin, Teymuraz Qonqadze “Simurq”un formasını geyinib. Klubun idman direktoru Mixail Xutsişvili isə Premyer Liqamızda “Kəpəz” və AZAL-ın uğurları üçün çalışıb.
“Zestafoni”nin ÇL üçün iştirak ərizəsi aşağıdakı kimidi:
Qapıçılar: 12. Zurab Mamaladze, 89. Roin Kvasxvadze, 90. Kaxaber Meşveliani;
Müdafiəçilər: 2. Teymuraz Qonqadze, 3. Tornike Qriqalaşvili, 4. Edik Sacaya, 5. Mamuka Kobaxidze, 6. Tedore Qriqalaşvili, 20. Zaal Eliava, 30, Malxaz Qaqoşidze, 33. Georgi Kaçkaçişvili;
Yarımmüdafiəçilər: 7. David Rajamaşvili, 8. Şota Babunaşvili, 9. Tornike Qorqiaşvili, 13. Aleks Benaşvili, 14. Levan Şarikadze, 18. Zurab Menteşaşvili, 21. Mişiko Sardalişvili, 27. Luka Ququçiya, 28. Guram Samuşiya, 55. Tornike Aptsiauri;
Hücumçular: 10. David Muciri, 11. Jaba Dvali, 80. Abalomi Ovonikoko.
Göründüyü kimi, heyətinə görə rəqib o qədər də qorxulu təsir bağışlamır. Bu üzdən də düşünmək olar ki, daha güclü heyətə malik “Neftçi” bu rəqibini asanlıqla mübarizədən kənarlaşdıracaq. Hansı ki, Bakıdakı ilk oyun da bunu az-çox təsdiqlədi. Amma əslində Gürcüstan çempionunun da böyük bir üstünlüyü var. Bu da qonşu ölkə təmsilçisinin düz dörd ildi bu heyətlə mübarizə aparmasıdı. Belə olan halda anlaşma səviyyəsinin nə dərəcədə yüksək olduğunu və nə qədər fayda verdiyini ən azı son illərdə “Qarabağ”ın timsalında görmüşük. Deməli, “Neftçi” bu komandadan ən azı oyun keyfiyyətinə görə çəkinə bilər.
Lakin buna baxmayaraq, “Neftçi” bu rəqibini keçməyə borcludu. Ona görə yox ki, rəqibi Azərbaycan çempionundan qat-qat zəifdi. Sadəcə, “Neftçi” üçün püşkatma zamanı düşə biləcəyi ən zəif komanda məhz “Zestafoni” idi. Deməli, komandamız bəxtin üzünə gülməsindən maksimum yararlanmalıdı. İlk oyunda təmsilçimiz üzərinə düşən işinin öhdəsindən layiqincə gəlib. İndi qalır bu uğurun davamını gətirmək və növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmək.
Üstəlik, bu rəqibini keçəcəyi halda Böyükağa Hacıyevin komandası daha bir əlavə üstünlük qazanacaq. Belə ki, “Neftçi” ÇL-in üçüncü təsnifat mərhələsində məğlub olsa da, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmaq fürsəti əldə edəcək. Belə bir tarixi fürsəti dəyərləndirməmək isə günah olardı.
Bu yolda çox şeyə elə ilk oyunda Bakıda aydınlıq gətirilsə də, həmin qarşılaşmada qazanılan 3:0 hesablı qələbə komandamızda arxayınlığa səbəb olmamalıdı. Çünki “Zestafoni” doğma divarlar arasında daha yaxşı təsir bağışlayır, nəinki səfərdə. Bu üzdən də “ağ-qaralar” qol buraxmamaq şərtilə rəqibinə mümkün qədər çox qol vurmağa çalışmalıdı. Çünki səfərdə vurulacaq hər qol gürcülərin növbəti mərhələ şanslarına bir o qədər böyük bir zərbə vurmuş olacaq. Baxmayaraq ki, Gürcüstan klubunun rəhbərliyi cavab görüşündə 0:3-ün əvəzini çıxacaqlarına və növbəti mərhələyə çıxacaqlarına əmindilər. Hər halda belə olmasaydı, onlar Bakıdakı görüşdən sonra azarkeşlərinə səsli-küylü mərhələ adlamaq sözü verməzdilər.
Qeyd edək ki, Bakıdakı ilk oyun öncəsi paytaxt təmsilçisinin mümkün uğursuzluğundan ehtiyatlananlar da var idi. Çünki komandamız son mövsüm başa çatan kimi xeyli əsas heyət oyunçusu ilə yollarını ayırmışdı. Düzdü, onların əvəzinə yeni futbolçular alınıb. Lakin aydın məsələdi ki, istənilən halda yeni transfer olunanların uyğunlaşması üçün müəyyən vaxta ehtiyac duyulur. Bu baxımdan “Neftçi”nin hansısa problemlərlə üzləşməsi gözlənilsə də, ilk oyunda bu, özünü o qədər də hiss etdirmədi. Baxmayaraq ki, anlaşma səviyyəsinin daha da yaxşı olmasını arzulamağa dəyər.
Eyni zamanda komandamızın heyətində bəzi kadr problemləri də var. Belə ki, ötən avrokuboklar mövsümündən zədəli olan Rodriqinyo düz bir ildi ki, komandasına kömək edə bilmir. Onun məhz bu avrokuboklar mövsümündən etibarən sıraya dönüşü proqnozlaşdırılsa da, həkimlər hələ də braziliyalı yarıımmüdafiəçinin hazır olmadığını deyirlər. Bu azmış kimi, komandanın və Premyer Liqamızın bombardiri Bahodir Nasimov da zədəlidi. Onun da “Zestafoni” ilə görüşlərdə forma geyməsi inandırıcı görünmür. Son günlərdə isə baş məşqçi Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Bu üzdən o, hətta komandasını ilk oyuna da çıxara bilmədi. Elə cavab görüşündə də “ağ-qaralar”ı meydana baş məşqçinin köməkçisi Tərlan Əhmədov çıxaracaq.
“Neftçi”nin ÇL üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Rauf Mehdiyev, 12. Emil Balayev, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nasimov, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev.
Sonda maraq üçün qeyd edək ki, “Neftçi” – “Zestafoni” cütünün qalibi üçüncü təsnifat mərhələsində “Jilina” (Slovakiya) – “Hapoel” (Şmona, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunu)
24 iyul
22:00. ZESTAFONİ - NEFTÇİ (ilk oyun - 0:3)
Baş hakim: Artyom Kuçin (Qazaxıstan).
Zestafoni. David Abaşidze adına stadion.