Vaqif Cavadov: İnkişaf üçün özümdə güc hiss edirəm
13 декабря 2013 12:33

“İnter”in kapitanı Vaqif Cavadov azerisport.az saytına müsahibəsində, futbol üzrə Topaz Premyer Liqasının noyabr ayı üçün ən yaxşı futbolçusu sorğusunda qalib gəlməsinə münasibət bildirib.
“Xoş hədiyyədir. Ən yaxşı təəssüratlarım var. Bu qələbədə bütün komandamın əməyi var. Əgər siz jurnalistlər məni yaxşı hesab edirsinizsə, deməli, mən mükafata layiqəm. Heç nədən belə titulları vermirlər”, deyə Cavadov sözə başlayıb.
- Rusiya yığmasının qapısına qol sizin üçün dönüş nöqtəsi oldu?
- Deməzdim. Rusiya yığmasına qarşı oyuna qədər iki dəfə fərqlənə bilmişdim. Futbol həyatı elədir ki, hər gün yeniliklərə hazır olmalısan.
- Kazbek Tuayevin sizin haqda dedikləri sözləri eşitmişiniz?
- Bəli, mənə xoş idi. Hər gün yeni nəyə isə nail olmalısan. Yerimdə saymaq istəmirəm.
- Bir neçə uğursuz transferdən sonra sanki sizin üstünüzdən xətt çəkdilər. “İnter”dəki oyunla haqqınızda olan fikri dəyişdiyinizi hesab edirsiniz?
- Xətt çəkdilər? Düşünmürəm. Deməzdim ki, “Volqa”dakı təcrübəm uğursuz idi. Statistikama baxın, özünüz hər şeyi görəcəksiniz.
- “İnter”də qalmaq fikrindəsiniz?
- Mövsümü sonuna qədər orada qalacağam. Sonra nə olacağöını deyə bilmərəm. “İnter” iddialı komandadır. Düzdür, liderlərdən geri qalırıq. Ancaq əldən buraxdığımızı geri qaytarmaq şansımız var.
- Siz formanızın zirvəsindəsiniz?
- Düşünürəm ki, yox. İnkişaf üçün özümdə güc hiss edirəm.
- Yekunda çempionatın ən yaxşı bombardiri olmaq istəyirsiniz?
- Məndən qollar tələb edirlər. Bacarsam, ən yaxşı olacağam. Mənim üçün əsas, komandanın qələbəsidir.
- 16 oyunda 8 qol - ən yaxşı bombardir üçün az deyil ki?
- Bombardirlər siyahısında demək olar ki, hamısı yarımmüdafiəçilərdir. Çempionat sadə deyil. Qol vurmaq bizim üçün çətindir.