Şəfa mühüm yarışlara tam hazırdı

"Şəfa" İdman-Sağlamlıq Mərkəzində aparılan rekonstruksiya işlərindən sonra stadionda beynəlxalq səviyyəli oyunların keçirilməsi üçün zəruri infrastruktur yaradılıb. Azerisport.az xəbər verir ki, Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, "Şəfa" stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçidi inşa olunub.
Stadionun qarşısında 100-ə yaxın avtomobil üçün dayanacaq yeri də var. Xatırladaq ki, "İnter" avrokuboklarda iştirak edəcəyi təqdirdə əsas stadion kimi "Şəfa"nı, ehtiyat stadion kimi də "Bayıl Arena"nı göstərib.
Əlavə edək ki, FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı “Şəfa” stadionuna təqdim edib.
Qeyd etmək yerinə düşər ki, 2012-ci ildə Bakıda keçirilən FIFA U-17 qadınlararası dünya çempionatının iki matçı məhz "Şəfa" stadionunda baş tutmuşdu.