Kazbek Tuayev: Neftçi o dərəcədə zəif deyil ki, yığmaya heç bir üzvü çağırılmasın

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- "Kəpəz"in növbəti mövsüm Premyer Liqada oynamaq hüququ qazanmasına münasibətiniz necədir?
- Gəncə futbol ənənələri olan şəhərdir. Özü də çox böyük. Bu torpaq ölkə futboluna nə qədər oyunçu verib. "Kəpəz"i "Neftçi" ilə bir cərgəyə qoymaq olar. Klubun maliyyə vəziyyətinin yaxşılaşması da sevindiricidir. Bu komandanın Premyer Liqaya qayıtması bütövlükdə, Azərbaycan futbolu üçün müsbət faktdır.
- Bəs "Zirə"?
- Bilirəm ki, bu klubun maliyyə baxımından vəziyyəti yaxşıdır. Bu, Premyer Liqa üçün müsbət məqamdır. Çünki hazırda heç də bütün klublarımızın maliyyə durumu ürəkaçan səviyyədə deyil.
- "Neftçi"də nə baş verdiyindən xəbəriniz yoxdur?
- Mən bilmədiyim şeylərdən danışmağın tərəfdarı deyiləm. Hər halda rəhbərlik dəyişəndə bunun nəticələrinin də olacağını gözləmək lazım idi. Arif Əsədova güvənmək lazımdır. O, hansısa futbolçunu lazım bilmirsə, deməli, elə də etmək lazımdır. Buna onun haqqı çatır. Normal məşqçidir, onu dəstəkləmək lazımdır.
- Robert Prosineçkiyə "Neftçi"nin futbolçularına dəvət göndərmədiyinə görə tez-tez suallar verilir. Sizin buna münasibətiniz necədir?
- Ola bilsin ki, o, hazırda "Neftçi"də komandasının heyətində görmək istədiyi futbolçu tapa bilmir. Əlbəttə, "Neftçi"nin heç bir üzvünün yığmaya çağırılmaması çox pis faktdır. Hətta deyərdim ki, bu, nonsensdir. Lakin bunun müvəqqəti olduğunu düşünürəm. Prosineçki bütün oyunları izləyir. Yəqin ki, o, oyunçuları daha yaxşı görür. Amma mən mütləq bu komandanın da üzvlərindən kimlərinsə dəvət olunmasının tərəfdarıyam.
- Bəs heç kim buna layiq deyilsə?
- Bizim yığmamızda Messi və ya Banişevski səviyyəsində futbolçu oynayır? Bir və ya iki oyunçu tapmaq olar. "Neftçi" o dərəcədə pis vəziyyətdə deyil.
- Azərbaycan Kubokunun final matçından öncə 1996-cı ildə keçirilmiş "Qarabağ"la "Neftçi" arasındakı oyunun iştirakçıları arasında yoldaşlıq görüşü baş tutacaq. Həmin görüşə siz də dəvət almısınız?
- Bəli. Bu ideyanın müəlliflərini salamlayıram. Mütləq gedəcəyəm və həmin komandaya rəhbərlik edəcəyəm.
- Həmin oyunu xatırlayırsınız?
- Ağdamlıları 3:0 hesabı ilə məğlub etdik. Səhv etmirəmsə, Vidadi Rzayev dubl etmişdi, digər qolu isə Yunis Hüseynov vurmuşdu.
- Kubokun bu dəfəki finalında da həmin nəticə təkrarlana bilər?
- "Qarabağ" sərgilədiyi oyuna və heyətinə görə daha üstün görünür. Ona görə də hər şeyin necə alınacağını öncədən demək çətindir. İstənilən halda final bir oyundan ibarətdir və hər şey baş verə bilər.