Yozef Peşitse: Azərbaycan yığmasını dayandırmaq lazımdır

Futbol üzrə Çexiya yığmasının sabiq baş məşqçisi Yozef Peşitse bu ölkənin əsas komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi oyun öncəsi müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Azərbaycan yığması sizdə necə təsir bağışladı?
- Norveç üzərində qələbə bu komandanın güclü və xoşagəlməz rəqib olduğunu göstərdi. Bu gün futbol elə bir səviyyədədir ki, istənilən rəqiblə qarşılaşma çətin keçir. Çexiya - Azərbaycan matçı da belə olacaq.
- Amma Norveç Bakıda topa daha çox nəzarət edirdi...
- Elədir. Amma müasir futbolda bu, hər zaman işləmir. Azərbaycan yığmasının da gücü müdafiədədir. Onların hücumda sürətli və texnikalı oyunçuları var. Bunun da sayəsində əks-hücumlarda təhlükəli olurlar. Xüsusilə də oyunda hesabı açanda, daha da təhlükəli rəqibə çevrilirlər. Necə ki, Norveçlə oyunda elə oldu.
- Azərbaycan yığmasının həmin oyunda standart vəziyyətdən qol vurması Çexiya üçün siqnal ola bilər?
- Əslində, azərbaycanlıların norveçlilərdəki qədər standart vəziyyətləri olmadı. Onların oyunu məni heç də təəccübləndirmədi.
- Rəqibi necə xarakterizə edə bilərsiniz?
- Müdafiədə çox yaxşı oynayırlar. Norveçlilər matçın böyük hissəsini hücumda keçirsə də, onlar heç nədən qorxmadılar. Prosineçkinin məşqçi işi hiss olunur.
- Azərbaycanın iki oyuna maksimum xal toplaması əsl sürprizdir?
- Mən belə tələsik nəticə çıxarmaq istəməzdim. Çünki ilk oyunlarını San Marinoya qarşı keçiriblər. Amma seçmə mərhələ uzundur. Hər şeyə qarşıdakı turlarda aydınlıq gələcək. Bizim üçün bu oyunda Azərbaycanı dayandırmaq, 3 xal qazanmaq çox vacibdir.
- Çexiya yığması bu oyunda da Almaniyaya qarşı mübarizə apardığı kimi çıxış edəcək?
- Almanlar əsl dünya çempionudurlar. Onlar rəqib qarşısında tam üstünlüyə malik olmağı bacarırlar. Amma Çexiya yığmasının səviyyəsi Azərbaycanla müqayisədə daha yüksəkdir. Heyətimizdə itkilər var. Bunun təsiri ola bilər. Bəlkə də heç gözəl futbol oynamağa ehtiyac yoxdur. Lakin qələbə üçün oynamağa borcluyuq.