Azərbaycan idmançımızın əlindən alınan qızıl medalını tələb edir
12 апреля 2011 11:39

Ağır atletika üzrə yığmamızın üzvü Valentin Xristovun (56 kq) Avropa çempionatında qazandığı qızıl medalın əlindən alınmasının səbəbləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, milliləşmiş legioner dünən qitə birinciliyində ən yüksək nəticəyə imza atsa da, təşkilatçılar onun nəticəsini silmişdilər.
Təmsilçimiz B qrupunda 262 kq (115+147) çəkini ram etməklə liderliyi ələ almışdı. A qrupunda isə 17 yaşlı bolqar idmançımızın bu göstəricisini heç kim təkrarlaya bilməmişdi. Belədə, Xristov Avropa çempionluğunu bayram etməyə yaxın idi. Lakin məsələyə Bolqarıstan tərəfi qarışınca hər şey bir andaca dəyişib.
Səbəb bayağıdı: Bolqarıstan Ağır Atletika Federasiyası Xristova Azərbaycan üçün çıxış etmək üçün icazə verməyib. Bir həftə öncə Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Anton Kocabaşev Avropa çempionatının təşkilatçılarını Xristovun başqa ölkənin şərəfini qorumaq hüququnun olmadığı məlumatlandırıbmış. Sonra Kocabaşev Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanla telefon söhbəti edib. Düzdü, Kocabaşev bir həftə əvvəl Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti postundan kənarlaşdırılıb. Belədə onun qərarlarının heç bir hüquqi əhəmiyyət daşımadığı məlumdu.
Bunu nəzərə alaraq, Azərbaycan Ağır Atletika Federasiyası dərhal Avropa və dünya Ağır Atletika Federasiyalarının rəhbərləri ilə əlaqə yaradıb. Bizim federasiya Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti olmadığından Xristovun Azərbaycan tərəfindən çıxış etməyə heç kimin yasaqlamağa vəkalətinin olmadığını izah edib. Həmçinin bolqarıstanlı aprelin 6-da Azərbaycan pasportu alıb. İclasda idmançının şəxsi məşqçisi Zlatan Vanev də iştirak edib. Azərbaycan həmçinin Xristovun qızıl medallarının qaytarılmasını da tələb edəcək.