Azərbaycanın Dünya Kuboku və Olimpiada-2016-ya ev sahibliyinə dair sabah müqavilə imzalanacaq
27 noyabr 2012 17:56

Sabah - noyabrın 28-də, saat 14.30-da JW Mariot Abşeron mehmanxanasında Şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiya çempionatına Azərbaycan ev sahibliyinə dair müqavilə imzalanacaq. Azerisport.az xəbər verir ki, müqaviləni FİDE-nin prezidenti Kirsan İlyumjinov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov imzalayacaqlar.
İmzalama mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.
Xatırladaq ki, ölkəmizin beynəlxalq miqyaslı iki mötəbər yarışa ev sahibliyi etməsinə dair qərar cari ilin sentyabr ayında İstanbulda keçirilən Beynəlxalq Şahmat Fedrasiyasının konqresində qəbul edilib. 2015-ci il Şahmat üzrə Dünya Kubokuna və 2016-cı il Şahmat Olimpiadasına ev sahibliyi etmək üçün üç ölkə - Azərbaycan, Estoniya, Bolqarıstan öz namizədliyini irəli sürmüşdü. Yekunda Konqres iştirakçıları yekdilliklə Azərbaycanın lehinə səs vermişdilər.
Qeyd edək ki, Şahmat üzrə Dünya Kubokunda 128 şahmatçı, Ümumdünya Şahmat Olimpiadasında isə təxminən dünyanın 150-dən artıq ölkəsinin qadın və kişi komandaları iştirak edəcəklər.
İmzalanma mərasimindən sonra jurnalistlərin sualları cavablandırılacaq.