Rövnəq Abdullayevdən təbrik
5 dekabr 2012 00:55

Dekabrın 4-də ARDNŞ prezidenti Rövnəq Abdullayev şahmat klubları arasında keçirilmiş 2012-ci il Avropa birinciliyinin qalibi “SOCAR-Azərbaycan” şahmat klubunun üzvlərini, məşqçiləri, Şahmat Federasiyasının rəhbərliyi ilə görüşüb. Azerisport.az xəbər verir ki, R.Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “idman ili” elan edilmiş 2012-ci ildə şahmatçılarımızın əldə etdiyi qələbəni yüksək qiymətləndirib, onları təbrik edib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı əhəmiyyətli xarakter daşıyır. Proqram çərçivəsində görülən işlər nəticəsində ölkənin şəhər və rayonlarında şahmat məktəbləri və klubları açılıb, bu müdrik oyuna maraq kütləvi xarakter alıb. Şahmata göstərilən dövlət qayğısı sayəsində onun maddi-texniki təminatı möhkəmlənib, elmi-metodiki və normativ hüquqi bazası təkmilləşib.
Daha sonra “SOCAR-Azərbaycan” klubunun İsrailin Eylat şəhərində keçirilmiş çempionatda qazandığı Avropa Kuboku və komandanın qızıl medallarından biri ARDNŞ prezidenti Rövnəq Abdullayevə təqdim olunub. Görüşün sonunda şahmatçılara ARDNŞ-in xatirə hədiyyələri verilib.