Bakıda keçiriləcək Dünya Kuboku və Şahmat Olimpiadası üçün Təşkilat Komitəsi yaradıldı
15 fevral 2013 12:19
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olunub.
Təşkilat Komitəsinə nazirlər, komitə, xidmət sədrləri, Şahmat Federasiyasının prezidenti və vitse-prezidentləri daxildi.
Komitəyə 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi Tədbirlər Planını hazırlayıb icrasını təmin etmək tapşırılıb.