Yeni reytinq siyahısı açıqlandı
1 avqust 2013 16:53
Beynəlxalq Şahmat Federasiyası (FİDE) avqustun 1-də şahmatçıların növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, dünyanın 10 ən güclü şahmatçıları siyahısında beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 2775 əmsalla altıncı pillədədi.
Sürətli şahmat üzrə dünyanın ən güclü şahmatçıları siyahısında beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 2822 əmsalla dördüncü, Teymur Rəcəbov isə 2760 əmsalla on birinci pillədə qərarlaşıblar.
Blits üzrə isə beynəlxalq qrossmeyster Rauf Məmmədov 2766 əmsalla on üçüncü, Teymur Rəcəbov 2755 əmsalla on yeddinci yerdədi.
Beynəlxalq ustalar Xəyalə Abdulla, Nərmin Kazımova, şahmatçı qızlarımız Səbinə İbrahimova və Nərmin Xələfova da 100 ən güclü zəka sahibinin siyahısında yer alıblar.
Oğlanlar arasında beynəlxalq qrossmeyster Nicat Abasov və beynəlxalq usta Bəhruz Rzayev da 100 ən güclü gənc şahmatçıların siyahısındadı.
Ölkələrin reytinq cədvəlində isə 138 ölkə arasında Azərbaycan on ikinci pillədədi.