“Şah” da heç-heçə etdi
8 oktyabr 2013 00:44
İspaniyanın Bilbao şəhərində şahmatçılar arasında “Böyük dəbilqə” beyqəlxalq turniri start götürüb. Azerisport.az saytı xəbər verir ki, dünyanın ən reytinqli zəka sahiblərinin yer aldığı rəqabətdə həmyerlimiz Şəhriyar Məmmədyarov (2759) da iştirak edir.
İlk turda “Şah” ağ fiqurlarla ingiltərəli Maykl Adamsla (2753) qarşılaşıb. Təmsilçimiz endşpildə keçid piyadasına malik olsa da, rəqibin topu onun vəzirə çevrilməsinə mane olub.
Belədə, qrossmeysterlər 52-ci gedişdə xalı yarıya bölüblər. Digər partiyada da eyni nəticə qeydə alınıb. Fransalı Maksim Vaşye-Laqrav (2742) ermənistanlı Levon Aronyanla (2795) ilə heç-heçə oynayıb.
Turnirə oktyabrın 12-də son veriləcək.
Qeyd edək ki, Rumıniya paytaxtı Buxarestdə start götürən “Kings” beynəlxalq yarışında mübarizə aparan Teymur Rəcəbov (2733) da rəqabətə sülhə başlayıb.