2-ci dəfə qızıl medal olacaqmı?
15 noyabr 2013 12:03

Polşanın paytaxtı Varşavada keçirilən komandalararası Avropa çempionatında kişi şahmatçılarımız 4-cü dəfə medal qazana bilər. Dünən gürcüstanlı həmkarları ilə vacib görüşdə qalib gələn millimiz, buna doğru inamlı addım atıb.
Hazırda 10 xalla (14,5) yarış cədvəlində 2-ci sırada olan Azərbaycan seçməsini, yalnız Fransa kollektivi qabaqlayır (11 xal). Komandamızın 6 matçdan sonra hesabında 4 qələbə və 2 heç-heçə var. Millinin liderlə qarşılaşmamasını nəzərə alsaq, 2-ci dəfə baş mükafata sahib olmaq imkanımızın qaldığı əminliklə söyləmək olar.
Qeyd edək ki, qrossmeysterlərimiz ilk dəfə komanda mübarizəsində fərqləniblər; 2007-ci ildə Yunanıstanın Krit adasında təşkil olunmuş eyni çempionatda bürünc medal qazanıblar. O vaxtkı heyətə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədov daxil idilər.
2009-cu ildə Serbiyanın Novı Sad şəhərində keçirilmiş yarışda, millimiz bu kollektivlə çempion olmuşdu. İnişil “Porto Karras”da, Yunanıstanın Sitoniya şəhərində baş tutmuş mübarizədə komandamız gümüş medala sahib çıxmışdı. Həmin heyətdə Rauf Məmmədovu Eltac Səfərli əvəzləmişdi.