Rauf Məmmədov: Fransa Rusiyaya uduzmasaydı, biz Ermənistanı məğlub edəcəkdik

Varşavada keçirilən komandalar arasında Avropa çempionatında qələbə qazanan Azərbaycan millisinin heyətində ən məhsuldar şahmatçı olan Rauf Məmmədov azerisport.az saytına açıqlamasında qələbə təəssüratlarını bölüşüb, komandanın çıxışı barədə danışıb.
- Təbrik edirik. Bu nəticəni gözləyirdinizmi?
- Yarış ərəfəsində bir qədər ümidimiz az idi. Azərbaycan turnirin 6-cı komandası idi. Buna görə bəziləri bizə inanmırdı. Bununla belə şahmatçılarımız əsl komanda əzmkarlığı göstərdilər. Heç bir görüşdə uduzmadıq. Liderlərlə dueldə komanda ruhu nümayiş etdirdik. Son turda yalnız çempionluq barədə düşünürdük. Qızıl medalın bir addımlığında çempionluğu əldən buraxa bilməzdim. 4 il əvvəl saytınıza demişdim ki, qırmızı hərflərlə tarix yazdıq. İndi ikinci dəfə qırmızı hərflərlə tarix yaza bildik.
- Hansı turdan sonra çempion ola biləcəyinizə inandız?
- Əslində, hər bir şahmatçımız ürəyində Avropa çempionu olmaq istəyirdi və bu nəticəyə oynayırdı. Turlar ötdükcə biz yaxşı nəticə göstərirdik. Amma bilirdik ki, hər şey son turda müəyyənləşəcək. Ermənistanla görüşdə məqsəd istənilən nəticəylə çempion olmaq idi. 9 tur uduzmamaqla gücümüzü göstərdik.
- Qələbədə əsas rolu hansı amil oynadı? Bəlkə rəqiblərin heyətində bəzi şahmatçıların olmaması...
- Qələbədə hər bir amil əsas rol oynadı. Amma daha çox yeni kapitanımız Aleksandr Xalifman barədə danışmaq istərdim. Şəhriyarla Teymur komandanın liderləri idi. Onlardan fərqli olaraq, bizə daha çox kömək lazım olurdu. Mənə, Qədirə və Eltaca kapitan çox kömək edirdi. Bütün görüşlərdə debütü onunla məsləhətləşirdim. O, əsl kapitan kimi rəqibə hazırlaşmağa yardımçı oldu. Xalifmanın bizim çempionluqda rolu çox böyükdü.
- Son turda Fransa Rusiyaya uduzdu. Əgər belə olmasaydı, yekun nəticə başqa cür ola bilərdi...
- Ermənistanla görüşə yaxşı hazırlaşmışdıq. Paralel keçən görüşdə Fransa - Rusiya qarşılaşmasını da izləyirdik. Biz heç-heçə oynadığımız anlarda Fransanın məğlub olduğunu görürdük. Əgər Rusiya Fransaya qalib gələ bilməsəydi, biz Ermənistanı məğlub edərdik. Əlbəttə, bu görüş çox çətin idi. Amma qələbəyə oynayıb uğurlu nəticə qazanmaq olardı.
- Qələbəni kimə həsr edirsi?
- Bizə dəstək olan Azərbaycan xalqı və Vüqar Həşimova. Şahmatçılarımız hər zaman azarkeşlərin dəstəyini hiss edib. Vüqarla birlikdə 2009-cu ildə Novi Sad şəhərində ilk dəfə Avropa çempionu olduq. O zaman son partiyada Həşimov tarixi qələbəni qazanmaqla qızıl medal əldə etməyimizə kömək oldu. Biz indi də Vüqarı unutmuruq. O, bizə dəstəkdi. Bu Avropa çempionluğunun qazanılmasından onun da böyük rolu var. Allahdan ona şəfa diləyirəm. O, həmişə bizimlədi.
- İlk olaraq sizi kim təbrik etdi?
- Çoxlu təbriklər aldıq. Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov komandanı təbrik edərək çempionluğa layiq olduğumuzu göstərdi. Eləcə də, federasiyanın digər məsul şəxsləri, yaxınlarımız, dostlar bizə ürək sözlərini bildirdilər. Biz çox şadıq ki, bayram günündə xalqımıza hədiyyə etdik. Milli Dirçəliş günündə xalqımıza Avropa çempionluğu hədiyyə etdik.
- Bir həftə sonra komandalar arasında dünya çempionluğu başlayır. Artıq sizə qarşı orda xüsusi hazırlaşacaqlar...
- Antalyada Azərbaycan yığması mübariz ruhunu davam etdirməlidi. Komandamız həmin yarışda dünya çempionluğu uğrunda yarışacaq. Əsl kollektiv ruhu nümayiş etdirərək iddiamızı sübut etməliyik. Dünya çempionatı daha çətin olacaq. Orada ən güclü 10 komanda mübarizə aparacaq. Ölkəmizin adını uca tutmaq üçün əlimizdən gələni edəcəyik.