Məmmədyarovla Rəcəbovun dünya çempionatına getməməsinin səbəbi məlum oldu
21 noyabr 2013 16:22
Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun gələn həftə Antalyada start götürəcək komandalar arasında şahmat üzrə dünya çempionatında iştirak etməməsiylə bağlı qərarı Azərbaycan Şahmat Federasiyası qəbul edib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin bu yarışda iştirakı 15 gün əvvəl rəsmiləşib.
Ölkəmiz mötəbər turnirə FIDE-nin dəvətiylə wild-card əsasında qatılır. 2013-cü ilin əvvəlində millimizin bu turnirdə təmsil olunacağı planda yox idi. Yığmanın liderlərinin Avropa çempionatından sonra istirahətə ehtiyacı olduğunu nəzərə alan federasiya Türkiyəyə gənclərdən ibarət heyəti yollamaq barədə qərar qəbul edib. Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov dekabrda Pekində Ümumdünya İntellektual Oyunlarında da mübarizə aparacaq. Üstəlik Məmmədyarov artıq indidən martda keçirləcək dünya çempionluğuna iddiaçıların turnirinə hazırlaşması vacibdi. Şəhriyarın mötəbər yarışa hazırlıq proqramına müdaxilə edilməməsi üçün onun yarışa aparılmaması məqsədəuyğun sayılıb.