Rauf Məmmədov: Rəqiblər Şəhriyarla Teymurun Antalyaya gəlməməsinə sevinirlər
2 dekabr 2013 13:31

Şahmat üzrə Azərbaycan millisinin üzvü, komandanın heyətində iki dəfə Avropa çempionatının qalibi olan Rauf Məmmədov azerisport.az saytına müsahibəsində Antalyada keçirilən komandalar arasında dünya çempionatındakı çıxışından, reytinqdə irəliləməsindən, liderlərin onları tək qoymasından danışıb.
- 5 tur arxada qaldı, yarışda liderlərsiz oynamaq nə deməkdi?
- Etiraf edim ki, liderlərsiz oynamaq çətindi. Burada Rusiya, Ukrayna, Ermənistan kimi güclü heyətə malik yığmalar yarışır. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimovun yeri görünür. Partiyalar zamanı müəyyən çətinliklər olur. Rəqiblərimizin çoxu bizim liderlərsiz oynadığımızı görüb maksimal nəticə qazanmağa çalışır. Amma biz də heç kimə təslim olmaq barədə düşünmürük. İndiyə qədər oynadığımız 5 turda kifayət qədər yaxşı oynadıq.
- Birinci lövhədə oynamaq çətin deyil ki?
- Əlbəttə, çətindi. Vasili İvançuk, Vladimir Kramnik və Levon Aronyana qarşı mübarizə aparmaq asan ola bilməz. Bu şahmatçılar dünya çempionluğu uğrunda yarışır. Kramnik keçmiş dünya çempionudu. Amma komanda kimi yarışmaq mümkündü. Yaxşı komandamız formalaşıb. Liderlərsiz oynamaq müəyyən mənada bizə özümüzü göstərmək şansı verir. Çalışırıq maksimum bacardığımızı göstərərək layiqli çıxış edək.
- Ermənistanla oyun haqda nə deyə bilərsiz?
- Bildiyiniz kimi, Azərbaycan - Ermənistan şahmatçılarının görüşü həmişə prinsipial xarakter alır. Biz 10 gün əvvəl Varşavada Avropa çempionatında Ermənistanla heç-heçə oynamışdıq. Bu dəfə Şəhriyar və Teymur yox idi. Ona görə bir qədər çətin idi. Lakin biz sübut etdik ki, liderlərsiz də Ermənistan yığmasıyla oynaya bilirik. Layiqli heç-heçə oldu. Birinci lövhədə Aronyana qarşı sona qədər mübarizə apardım. Kapitan Xalifman mənə lazımi məsləhətləri vermişdi. Doğrusu partiyada vəziyyətim sona qədər yaxşı idi.
- Sabah ABŞ komandasına qarşı oynayırsız...
- Millimiz hər bir görüşə maksimum nəticə üçün çıxır. Kapitan dedi ki, qələbə haqda düşünün. Əgər heç-heçəyə oynasaq, onda məğlub ola bilərik. Ermənistanla görüşdə də qələbəyə oynayırdıq. Biz güclü komandalarla partiyada 2 xala oynamaqdan çəkinmirik. Antalyada əsas məqsəd Azərbaycan şahmatının imicini qorumaqdı. Biz göstərmək istəyirik ki, ölkədə yaxşı şahmatçılar çoxdu. 2016-cı ildə şahmat olimpiadası Bakıda olacaq. Bu yarışda bir neçə komandayla təmsil olunmaq imkanımız olacaq.
- Şəhriyar və Teymurun olmaması komandada nəyi dəyişir?
- Bəzi rəqiblərimiz onların olmamasına görə sevinir. Aydın məsələdi ki, əgər hamımız birlikdə olsaydıq, hədəflər başqa olacaqdı. Lakin ilin əvvəllindən bu turnirdə iştirakımız gözlənilmirdi. Yalnız bir ay əvvəl iştirakımız təsdiqləndi. Belədə liderlərin Antalyaya gəlməməsi başadüşüləndi. Şəhriyar eyni zamanda iddiaçıların turnirinə hazırlaşmalıdı. Onların təqvimi gərgindi. Varşavada birlikdə mübarizə aparıb Avropa çempionu olduq.
- Hazırda reytinqdə xalların yüksəlişə doğru irəliləyir. Raufun hədəfləri nədən ibarətdi?
- Reytinq barədə çox düşünmürəm. Şahmatda bir gün yüksələn reytinq az sonra azala bilər. Əsas yaxşı oyundu. Mən oyunumu düşünürəm. Millidə olanda komandaya xeyir verməyə çalışıram. Avropa çempionatından sonra burada da uşaqlarla birlikdə yarışırıq və uğura eyni dərəcədə sevinirik. Əsas yaxşı oynamaqdı, onda reytinq də artacaq.
- Qarşıda millini daha 4 çətin görüş gözləyir. Çətin sualdı, amma sizcə mükafatçılar sırasına düşmək realdı?
- Gəlin hadisələri qabaqlamayaq. Xalifman bizdən hər oyunda maksimum nəticə gözləyir. Favoritlərdən Rusiya, Ukrayna və Ermənistanla oynamışıq. İndi qalır digər 4 rəqib. bu görüşlərdən sonra bizim yarışı hansı yerdə tamamyacağımız məlum olacaq. İstənilən halda Antalyada Azərbaycan şahmatı layiqincə təmsil olunacaq.