Vüqar Həşimovun xatirəsinə
11 yanvar 2014 14:33

Bu gün Almaniyanın Heldelberq klinikasında istedadlı qrossmeysterimiz Vüqar Həşimov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Azerisport.az şahmatçımızın idman yolununa qısa nəzər salır.
Vüqar Həşimov 24 iyul 1986-cı ildə doğulub. Artıq 9 yaşında Azərbaycan çempionu olub. Qatıldığı beynəlxalq yarışların əksərində ikinci yer tutduğundan “gümüş oğlan” ləqəbi qazanıb.
Vüqar Həşimov 2009-cu ildə Azərbaycan yığmasının heyətində Serbiyada keçirilmiş Avropa çempionatında qalib gəlib. Ancaq Azərbaycan yığmasının kapitanı Zurab Azmayparaşvili ilə münaqişə, Həşimova 2010-cu ilin Şahmat Olimpiadasında iştiraka əngəl yaradıb.
Həmin il Vüqar İtaliyada keçirilmiş mötəbər Recco-Emiliya turnirində qaib olur. Həşimov Azərbaycan yığmasının heyətində dörd dəfə Şahmat Olimpiadasında iştirak edib.
Qrossmeysterimizin FIDE reytinqində ən yüksək göstəricisi 11-ci yer olub.
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbovla birgə, Vüqar Həşimov Azərbaycan şahmatının elitası sayılırdı. Ancaq təəssüf ki, başındakı bədxassəli şişin törətdiyi ağır xəstəlik şahmatçımıza gücünü yarışlarda göstərməyə mane oldu.
Son vaxtlar İsveçrə və Almaniyada müalicə alan 27 yaşlı gənc qrossmeysterimiz xəstəliklə sona qədər mübarizə aparsa da, həyatının ən vacib görüşündə - ölümlə partiyada mat oldu.
Allah rəhmət eləsin!