Vüqarın son gedişi...
13 yanvar 2014 22:13

İstedadlı şahmatçımız Vüqar Həşimovun dünyasını dəyişməsi xəbəri Qubada olduğum zaman məlum oldu. Mənim üçün sözlə deyiləsi mümkün olmayan şok xəbər idi. Yaxınları məlumatı təsdiqləsə də buna inanmaq istəmirdim. Hər zaman debüt seçimi və gözlənilməz gedişləriylə dünyanı valeh edən Vüqardan bu gedişi gözləmirdik. İki ilə yaxın xəstəliyə qarşı mübarizə apardı, amma sonda həyatının ən vacib “partiya”sında son gedişi etdi. Ötən il qardaşıyla söhbət zamanı durumunun yaxşı olmadığını öyrənmişdim. Amma yenə də Vüqarın qalib gələcəyini gözləyirdim. Hardan biləydim ki, amansız xəstəliyin bu “oyun”da gedişləri daha çoxdu. Ötən il onun bir ildən artıq rəsmi oyunlarda iştirak etmədiyi üçün əmsalı FİDE-nin reytinq siyahısından silinəndə ali şahmat qurumuna qəzəblənmişdim. Axı Vüqar o reytinq xallarını asanlıqla toplamamışdı.
Vüqar Həşimov 7 il şahmatdan uzaq düşəndən sonra Bakıda keçirilən FİDE-nin Qran-Pri turnirində qayıdışını qələbəylə qeyd etdi. Ardınca 2009-cu ildə Serbiyada yığma komandamızın heyətində Avropa çempionu oldu. Çoxlu sayda beynəlxalq turnirdə mükafatçılar sırasında yer aldı. 2011-ci ildə Yunanıstanın Porto Karras şəhərində keçirilən Avropa çempionatında səhhətində problemlər yenidən özünü göstərdi. Fransa ilə görüş zamanı qəfil ürəyi gedən şahmatçıya komanda yoldaşları köməyə gəldi. Fransa ilə oyun yaddan çıxdı, hamı Vüqar üçün həkim axtarmağa başladı. Həmin görüşdə Fransa yığmasının üzvləri hörmət əlaməti olaraq bütün lövhələrdə şahmatçılarımıza heç-heçə təklif etdilər. Əlbəttə ki, biz də həmin heç-heçəni qəbul etdik. Sonradan Şəhriyar Məmmədyarov həmin an bütün komandanın yalnız Vüqarı düşündüyünü və bu halda mübarizə apara bilməyəcəyini demişdi. 2012-ci ilin payızından yenidən xəstəliylə mübarizəyə başlayan Vüqarla tez-tez əlaqə saxlamağa çalışırdım. Ötən il durumunun pis olduğunu eşidəndə artıq şahmata deyil, sadəcə normal həyata qayıdışı üçün dua edirdim.
Fərdi yarışlarda maraqlı debüt seçimi və sona qədər mübarizliyi ilə yadda qalan Həşimov heç vaxt erkən təslim olmağı sevməzdi. Onu adi qələbə maraqlandırmırdı. O, gözəl oyunla qələbə qazanmağa çalışırdı. Komanda yarışlarında Vüqarın yeri tam başqa idi. Həşimov həm komandanın qələbə qazanmasına kömək edir, həm də komanda yoldaşlarını motivasiya edirdi. Təmkinli, mehriban və təvəzökar insanı itirdik. Mətbuat üçün açıq şahmatçı olsa da, daim gündəmdə olmağı sevməzdi. O gündəmi gözəl partiyalarıyla zəbt edirdi. 2007-ci ildən başlayaraq onunla daim təmasda olurduq. Mütəmadi zəngləşirdik. Azərbaycan mətbuatından bir qədər incikliyi var idi. Bu da səbəbsiz deyil. Əksəriyyətin yalnız futboldan yazdığı, şahmatla o qədər maraqlanmadığımız sirr deyil. Digər səbəb isə bəzi mətbu orqanlarda onun dediklərinin təhrif olunması idi. Bununla belə 2007-2012-ci illərdə Vüqar Həşimovdan ən çox müsahibə almaq mənə nəsib oldu. Ailəsinin və özünün dediyinə görə müəyyən mənada etimadını qazanmışdım. Azerisport.com-da təqdim olunan müsahibələrindən sonra zəngləşib fikir mübadiləsi aparardıq. Çox vaxt deyirdi ki, şahmat terminlərinin çoxunu yazmırıq. Mən də deyirdim ki, axı sadə oxucu terminləri anlamaya bilər. Vüqar da razılaşırdı.
O, çox böyük ürəyə sahib idi. Hamıya yaxşı münasibət bəsləyər, özündən balacalara örnək olardı. 2009-cu ildə Avropa çempionu olandan sonra ATV-yə canlı bağlantı zamanı “Azərbaycan səni çox sevirəm” demişdi. Qızıl medalı qazanandan sonra “Azərbaycan hələ olimpiya çempionu da ola bilər” söyləmişdi. Onun ən böyük arzularından biri məhz şahmat olimpiadasında mükafatçılar sırasına düşmək idi. Vüqar Həşimov üzərində daha çox işləmək və şahmat tacı uğrunda mübarizəyə qoşulmaq istəyirdi. Səmimi söhbətlərimiz zamanı məşqçi, menecer və digərlərinin yer alacağı peşəkar komandaya sahib olmaq istədiyini bildirmişdi. Hətta mənə media işlərini tapşırmaq istəyini açıqlamışdı. Hər zaman gülərüz görməyə alışdığım Həşimovlar ailəsinin ən məşhur üzvü 2011-ci ilin noyabrında azerisport.com-un 5 illik yubileyində iştirak etdi və redaksiya üzvlərinə uğurlar arzuladı. Avropa çempionatından təzə qayıtdığımızı nəzərə alaraq zarafatla Vüqara “bütün günü efirlərdəsən, ulduz olmusan” dedim. Həşimov “ulduz hara, mən hara” deməklə təmkinli cavab verdi. Doğurdanda “ulduz xəstəliyi” ona aid deyildi. Hər zaman suala maraqlı cavabıyla yadda qalardı, baxmayaraq ki, onun dedikləri kimlərinsə xoşuna gəlməyə bilərdi. Həmin tədbirdə TV üçün geniş reportaj hazırlamaq istəyimi bildirərək Vüqardan razılıq almışdım. Amma yarışlarla əlaqədar tez-tez səfərə çıxmağı, sonda isə xəstəliyi həmin reportajın hazırlanmasına əngəl oldu.
Vüqar Həşimov haqda keçmiş zamanda yazmaq çox çətindi. Onun 2016-cı ildə Bakıdakı şahmat olimpiadasına qədər sağalacağına ümid edirdim. Hər zaman birlikdə gördüyüm Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov triosunun yenidən millidə olacağına inam böyük idi. Lakin, amansız ölüm onu bizdən ayırdı. Vüqar cismən bizdən ayrılsa da, onun ruhu hər zaman sevdiyi Azərbaycanla və yığma komandamızla olacaq. Çünki, şahmatçılarımız hələ çox zirvələri fəth etməlidi. Lazım olan anda Vüqar yenə onlara kömək olacaq.
Dünyada böyük hörmətə malik Vüqar Həşimovu unutmamalıyıq. Yaxşı olardı ki, onun xatirəsinə ənənəvi beynəlxalq turnir təşkil olunsun. Yüksək mükafat fondu olacağı təqdirdə həmin turnirə məşhur qrossmeystləri dəvət etmək olar. Turnirin qalibi hər il iyulun 24-də Vüqar Həşimovun doğum günündə mükafatlandırılsın.
Allah sənə rəhmət eləsin!
İnanmaq istəmirəm, heç inanmayacamda. Sən həmişə bizimlə olacaqsan.
SƏNAN ŞƏFİZADƏ